​Batumidə Novruz bayramı qeyd olunub

​Batumidə Novruz bayramı qeyd olunub Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının, şəkərbura və paxlavanın dadına baxıblar
Mədəniyyət siyasəti
15 Mart , 2016 19:02
​Batumidə Novruz bayramı qeyd olunub

Batumi. 15 mart. REPORT.AZ/ Martın 15-də Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə martın 15-də Azərbaycan, rus və gürcü şagirdlərinin təhsil aldığı Batumi şəhər “XXI əsr” gimnaziyasında Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

Konsulluqdan "Report"a verilən məlumata görə, tədbirdə gimnaziyanın müəllimləri, Acarıstan Muxtar Respublikasının ictimai-siyasi dairələrinin nümayəndələri, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra baş konsul Rəşad İsmayılov çıxış edərək Novruz bayramının tarixi əhəmiyyəti və mahiyyətindən danışıb. O bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Gimnaziyanın şagirdləri Novruzla bağlı müxtəlif səhnəciklər göstərib, mahnılar, rəqslər ifa ediblər və bahara, Novruz bayramına həsr olunan şeirlər söyləyiblər. Milli geyimdə olan istedadlı azərbaycanlı və gürcü şagirdlər Azərbaycan tarixi haqqında qonaqlara məlumat veriblər.

Tədbirdə milli geyimdə olan Bahar qızının qədim, qəlbimizin bir parçası olan Şuşamızın və Qarabağımızın “Sari Gəlin” rəqsi ilə xatırlanması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

Son xəbərlər

Orphus sistemi