Yuxarı
    Bağlamaq

    Bakıda UNESCO Komitəsinin 13-cü sessiyasının nəticələri ilə bağlı mətbuat konfransı keçirilib

    Bakı. 6 dekabr. REPORT.AZ/ "Bu ilin iyun ayında Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd illiyə üzvü seçilib. Ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub".  

    "Report"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov Milli Kitabxanada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib. 

    Onun sözlərinə görə, xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov, ölkəmizin UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər.

    E.Sultanov deyib ki, sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahılarına daxil edilmiş fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib: "Bunlardan 16-sı Təcili Qorunmaya Ehtiyacı olan hesabatlardır. Eyni zamanda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 40 nominasiya və Təcili Qorunmaya Ehtiyacı olan siyahıya daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 7 nominasiyalar sessiya zamanı müzakirə olunmaqla müvafiq qərarlar qəbul edilib". Onun sözlərinə görə, UNESKO-nun baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilib: "Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə vakant yerlərə seçkilər oldu. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş seçki kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq üzv seçildi. Bu, bir daha UNESCO üzv ölkələri tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir".

    V.Eyvazzadə vurğulayıb ki, nominasiya sənədi Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunub: "Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələrin UNESCO səviyyəsində qorumağına çalışmaqdır. “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi isə Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.

    Sonra iştirakçılar “Azərbaycanın qeyri-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi