Yuxarı

Bakıda kitab nəşri və rəqəmsal nəşriyyat mövzusunda beynəlxalq seminar keçirilib - YENİLƏNİB

Bakıda kitab nəşri və rəqəmsal nəşriyyat mövzusunda beynəlxalq seminar keçirilib - YENİLƏNİB
Seminarda bu sahədə olan istiqamətlər, proseslər və praktiki addımlar müzakirə olunub
© Report.az

*** 10:54

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə Bakıda “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminar keçirilib. 

“Report” xəbər verir ki, seminarı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov açaraq bildirib ki, 23 aprel – YUNESKO tərəfindən elan edilən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Aprelin 26-sı isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) bəyan etdiyi Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.

K.İmanov deyib ki, Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Günü isə 2001-ci ildən qeyd olunur: “Bugünkü tədbir elektron nəşrlərə həsr olunub. Seminarda elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif hüquqları problemləri müzakirə ediləcək. Aprelin 26-da keçirəcəyimiz tədbirdə isə erməni plagiatını ifşa edən qədim mətnlər və klassik mənbələr haqqında söhbət açılacaq və bir neçə tarixşünaslıq əsərlərindəki yeni məlumatlar ictimaiyyətə çatdırılacaq. Vacib beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin səyləri nəticəsində müəllif hüquqlarımız sahəmiz ÜƏMT-in ekspertlərinin rəyinə görə, nümunəvi sistemlərdən biridir. 25 ilə yaxın böyük inkişaf yolu keçmiş Azərbaycanın müəllif hüquqları sisteminə qiymət verilərkən, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunmasını, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsini və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsini qeyd etməliyik”.

Agentlik sədri qeyd edib ki, Azərbaycan ən tanınmış beynəlxalq reytinq strukturunun – Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider mövqeyindədir, Cənubi Qafqazda isə 1-ci yerdədir: “Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötərək, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur”.

Kamran İmanov vurğulayıb ki, Azərbaycan innovativ inkişafa qədəm qoyur, bu isə əqli mülkiyyətə diqqətin artması deməkdir: "Rəqəmli texnologiyalar tərəqqidə təsəvvür edilməz dərəcədə imkanlar yaradıb: “Lakin, baxmayaraq ki, rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq, daha böyük auditoriyaya yol açıb. Elektron nəşrlər bazarı son 10 ildə getdikcə genişlənərək, hal-hazırda Avropa bazarında elektron kitab nəşri çap üsulu ilə ümumi nəşrlərin 3%-dən 15%-ə qədərini təşkil edir. Avropa istehlakçılarının əlçatımlığına 2,5 mln. elektron kitab təqdim edilir, bunları almaq, abonent kimi istifadə etmək və axın veriliş rejimində əldə etmək imkanları vardır və bu bazarın dəyəri 114 mlrd. avro təşkil edərək, əyləncə və KİV bazarındakı xərclərin artıq 15%-i ilə ölçülür”.

Agentlik sədri bildirib ki, elektron kitablar çərçivəsində dərsliklər, elmi kitablardan başlayaraq, kulinar və uşaqlar üçün ədəbiyyat əldə etmək mümkündür: “Azərbaycanda 7 nəşriyyatelektron kitab nəşr edir, 79 jurnal və qəzetlər çap versiyası ilə yanaşı, elektron versiyadan da istifadə edirlər, kitabların elektron satışını təşkil edirlər. Kitabxanalarımız rəqəmləşib. Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin İnternetdə açıq (CC – Kreativ Kommons) rejimdə təklif olunduğu qeyd edilməlidir”.

Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə vurğulayıb ki, elektron nəşrlərin yaranması inkişafı situmllaşdırmaqla yanaşı, plagiatlığın daha da artması problemini də ortaya çıxarır: "Buna qarşı mübarizə aparmaq vacibdir".

Seminarın sonunda “Elektron nəşrlər və müəllif-hüquq problemləri”, "Elektron kitabxanalar və elektron-kitabxana sistemləri" mövzularında təqdimatlar olub.

Qeyd olunub ki, nəşr işi müxtəlif təhsil, əyləncə və informasiya-maarifçi funksiyalarını yerinə yetirərək düzgün seçilmiş biznes modeli əsasında müəlliflərə və kontentin yaradıcılarına əqli fəaliyyət nəticələrinin satışından gəlir əldə etmək imkanlarını yaradır.

K.İmanov vurğulayıb ki, rəqəmli texnologiyalar isə öz yeni və maraqlı formatları ilə nəşr fəaliyyətinin sferasını daha da genişləndirərək, naşirlərə oxucunun yerindən və dövründən asılı olmayaraq, daha böyük auditoriyaya yol açır.

Təqdimatda Avropada, o cümlədən Azərbaycanda nəşr bazarının vəziyyəti, ixtisaslaşmış mövcüd formaları və meyilləri araşdırılıb, elektron ticarətin elektron nəşrlərə təsiri müəyyən edilib və yeni nəşr biznes-modelləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi