Yuxarı

Bakıda keçiriləcək "IMAGİNE Euro Tolerance" festivalının proqramı açıqlanıb

Bakıda keçiriləcək "IMAGİNE Euro Tolerance" festivalının proqramı açıqlanıb
Festival çərçivəsində Aİ ölkələrindən, Azərbaycan və dünyanın digər ölkələrindən olan rejissorların onlarla filmi nümayiş etdiriləcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Oktyabr 12-dən 20-dək Bakıda keçiriləcək "IMAGİNE Euro Tolerance" Avropa tolerantlıq festivalının proqramı açıqlanıb.

"Report" xəbər verir ki, festival çərçivəsində həm Avropa İttifaqına (Aİ) daxil ölkələrdən, həm Azərbaycan, həm də dünyanın digər ölkələrindən olan rejissorların onlarla filmi nümayiş etdiriləcək.

Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda akkreditə olunmuş Aİ-nin üzv dövlətlərinin səfirlikləri tərəfindən təşkil edilib. Tədbirin məqsədi tolerantlıq və etnik müxtəlifliyi nümayiş etdirməkdir.

Festivalın açılış günündə tamaşaçılar italiyalı rejissor Canfranko Rozinin rejissoru olduğu "Dəniz yanır" (2016) filmini izləyə bilərlər.

Oktyabrın 13-də "Həyat uğrunda ölərkən" (Belçika, 2017), "Eyni günəş altında" (Azərbaycan, 2017), "Toto və onun bacısı" (Rumıniya, 2014), "Anqola əməliyyatı" (Portuqaliya, 2015) filmləri təqdim olunacaq.

Oktyabr 14-də tamaşaçılar "Yaxşı insanlar" (İsveç, 2015), "Qəfil Sami" (Norveç, 2009), Belçika istehsalı olan "Niyə gedirik" (2016) və "Buqələmun rəngi" (2017) filmlərini izləyəcəklər.

Festivalda həmçinin İsrail filmi olan "Qardaşım qəhrəmandır" (2016), Finlandiya istehsalı olan "Üzüklər arasında" (2014), Braziliya kinematoqrafiyasının məhsulu olan "Zibilxana" (2010), Meksika filmi "İnsan-canavar Çuy" (2014) nümayiş etdiriləcək.

Festival oktybarın 20-də "Beyrut - Buenos Ayires - Beyrut" (Argentina, 2012) filminin nümayişi ilə başa çatacaq.

Qeyd edək ki, bütün filmlərə giriş pulsuz olacaq.

Festivalda həmçinin müxtəlif master-klaslar, eləcə də Andres Lyubert, Xavyer Solana (hər ikisi Belçika), İrena və Amar Səttarova (İsrail), Odrius Stonis (Litva) kimi rejissorlala görüşlər keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi