Yuxarı

Bakıda gənc dizaynerlərin Məzun günü keçirilib

Bakıda gənc dizaynerlərin Məzun günü keçirilib
© Report/ Firi Salim

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda gənc dizaynerlərin Məzun günü keçirilib.

"Report"un əməkdaşları tədbirdə iştirak edib və yeni kolleksiyalarla tanış olublar.

Azərbaycanın ilk dəb məktəbi və italyan sistemi

Azərbaycanda yerləşən ilk böyük dəb məktəbi 2015-ci ildə yaradılıb. Modamaniya.com online dəb jurnalı nəzdində yaradılan M.Fashion Schoolda moda dizayn industriyasını əhatə edən mövzular üzrə müxtəlif dərslər tədris edilir. Tədris müddəti bir ildir. Dərsləri peşəkar müəllim heyəti italiyan sistemi ilə qurulan dərs proqramları əsasında aparır.

Brendini qurub, moda evini açan məzunlar

İl ərzində xaricdə təhsil almış müəllimlərdən dərs alan tələbələr ilin sonunda həm Məzun günü keçirirlər, həm də əl işlərini canlı formada təqdim edirlər. İlk təqdimat 2017-ci ilin aprel ayında keçirilib. Qeyd edək ki, ötən ilin məzunlarından 4 dizayner öz moda evini açıb, 6 məzun isə brendini qurub.

Dünən isə məktəbin növbəti 31 məzunu hazırladıqları əl işlərini kolleksiya formasında ictimaiyyətə nümayiş etdiriblər. Məzunların ən kiçiyinin 10 yaşı var. Gənc dizaynerlərin hazırladıqları geyimləri professional modellər təqdim edib. Günlərdir həyəcanla hazırlaşan gənc xanımların uğura doğru atdığı növbəti addımı izləmək üçün tədbirdə moda sahəsində fəal olan dizaynerlər və məşhur bloqqerlər, moda həvəskarları və başqaları iştirak ediblər. Məktəbin bu ilki məzunu, kolleksiyalardan birinin müəllifi olan Rebiyyət Heydərli bildirir ki, məzunların çoxu bu işi davam etdirmək fikrindədir, onların hədəfləri kolleksiyalarını xarici ölkələrdə təqdim etmək, Azərbaycanı dünyada təmsil etməkdir.

Yeni brendlər

Tədbirdə Dəb məktəbinin məzunları əl işləri ilə yeni brendlər yaratmağa çalışıblar. Bir-birindən gözəl əl işləri qonaqların marağına səbəb olub. Maraqlı olan hallardan biri də o idi ki, dizayner xanımların bəziləri öz əl işlərini geyinərək təqdim ediblər.

Tədbirin sonunda məktəbin stilistika və moda biznesi dərsləri üzrə təhsil alan tələbələri sertifikatla təltif olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi