Yuxarı

Bakıda Avropa Film Festivalı başlayır

Bakıda Avropa Film Festivalı başlayır
Səfir: Azərbaycanla Aİ arasındakı mədəni əməkdaşlığın insanlar qarşısında yeni imkanlar açmasını istəyirik
© Report/Elchin Murad

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı arasındakı mədəni əməkdaşlığın insanlar qarşısında yeni imkanlar açmasını istəyirik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas ənənəvi Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu filmlər bir-birimizi, həyat tərzimizi və problemlərimizi daha yaxşı başa düşməyə imkan verir. Bu məqsədlə bu yaxınlarda çəkilən filmləri seçirik. İstəyirik ki, insanlar haqqında film çəkilən ölkələr barəsində daha çox şey öyrənsin, ora səfər etsin", - səfir söyləyib.

O həmçinin qeyd edib ki, Avropa Film Festivalının Bakıda keçirildiyi 9 il ərzində, ümumilikdə, 128 film nümayiş etdirilib.

Qeyd edək ki, Avropa Film Festivalı arıdıcıl 9 ildir Bakıda keçirilir və Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilir.

Bu il festival oktyabrın 10-da nümayiş olunacaq "Wild Amsterdam" (Hollandiya) sənədli filmi və "Kincsem" (Macarıstan) macəra janrlı filmlə açılacaq. Bundan əlavə, Portuqaliya, Latviya, Böyük Britaniya, Norveç, İspaniya və bir sıra digər ölkələrdən olan müəlliflərin filmləri nümayiş etdiriləcək.

Film festivalı oktyabrın 21-də azərbaycanlı rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi ilə başa çatacaq.

Filmlərə giriş pulsuzdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi