Yuxarı

"Azərxalça" 1330 ədəd xalça toxuyub, 287-sini satıb

"Azərxalça" 1330 ədəd xalça toxuyub, 287-sini satıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün xalça fabrikləri dövlət hesabına tikilir, bütün avadanlıqlar dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq".

"Report" xəbər verir ki, bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

"Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verib. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin nümunələri siyahısına daxil edilib", -V.Muradov vurğulayıb. 

Onun sözlərinə görə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb: "Bu filialların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur.

Ümumi sayı 900 nəfərə yaxın olan toxucularımızın əksəriyyəti gənclərdir. Filialların stabil fəaliyyətinin təmin olunması üçün ayrılmış 2 milyon manat vəsaitlə “Hyundai” markalı 18 avtobus da alınıb".

İdarə Heyətinin sədri vurğulayıb ki, filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb.

O qeyd edib ki, Azərbaycan xalçaçılığının inkişafı ilə bağlı həyata keçirilən işlərə İqtisadiyyat Nazirliyi tərəfindən lazımi kömək göstərilir, dəstək verilir: "Bu il "Azərxalça"nın daha 10 filialının yaradılması üçün vəsait ayrılıb. 2018-ci ilin əvvəlindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Lənkəran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binalarının tikintisinə başlanılıb. Lənkəran filialının tikintisi artıq başa çatdırılıb, burada 116 nəfər işlə təmin olunub. Digər filial binalarının tikintisi isə bu ilin sonunadək başa çatdırılacaq. Həmçinin 20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb.

Şirvan bölgəsinin tarixi xalçaçılıq ənənələrinə malik İsmayıllı rayonunda güclü kadr potensialını nəzərə alaraq imzaladığınız 2018-ci il 27 avqust tarixli Sərəncamınızla İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait yönəldilib. Hazırda tikinti-inşaat işlərinin aparılması üçün hazırlıq işlərinə başlanılıb.

2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcabədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq. Bunun üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir, tikinti işlərinin aparılması üçün ərazilər müəyyənləşdirilir".

V.Muradov bildirib ki, 2017-2018-ci illərdə “Azərxalça”nın istehsalı olan xalçalar Rusiya, ABŞ, Almaniya kimi ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində təqdim olunub: "İndi Avropanın, ABŞ, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır. Bu müqavilələr əsasında həm hazır xalçalar satılacaq, həm də sifarişlərlə müxtəlifölçülü xalçaların toxunmasına başlanılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi