Azərbaycanlı xanəndə: "Ermənilər Fransada din amilini qabardaraq çirkin əməllərini həyata keçirməyə çalışırlar" - MÜSAHİBƏ

Azərbaycanlı xanəndə: "Ermənilər Fransada din amilini qabardaraq çirkin əməllərini həyata keçirməyə çalışırlar" - MÜSAHİBƏ Sahib Əsədli: "Fransalılar musiqimizi, xüsusilə muğamı çox sevirlər"
Mədəniyyət siyasəti
8 Yanvar , 2018 11:16
Azərbaycanlı xanəndə: Ermənilər Fransada din amilini qabardaraq çirkin əməllərini həyata keçirməyə çalışırlar - MÜSAHİBƏ
Report

Paris. 8 yanvar. REPORT.AZ/ Hazırda Fransada yaşayan azərbaycanlı xanəndə Sahib Əsədlinin “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:

- Nə vaxtdan muğam sənəti ilə məşğul olursunuz?

- Mən hazırda Ermənistanın işğalı altında olan Qubadlı rayonunda anadan olmuşam. Artıq 35 ildir incəsənət sahəsində çalışıram. İlk təhsilim rəssamlıq olub, Bakıda rəssamlıq məktəbini bitirmişəm. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru" ixtisasına yiyələnmişəm. Xalq artisti Alim Qasımovdan bir kurs aşağı, Brilliant Dadaşova ilə eyni dövrdə oxumuşam. Muğamı, demək olar, özüm öyrənmişəm, 22 yaşımdan bu sənətlə məşğulam. Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Muğam Teatrında işləmişəm. Ümumiyyətlə, oxumağa uşaqlıq illərində başlamışam. Axı dağlıq bölgədə döğulub böyümüşəm. Oxumağımın kökü də dağlardan gəlir. Yəni musiqini duymaq bizdə irsidir. 

- Bəs neçə ildir Vətəndən uzaqda yaşayırsınız?

- 1995-ci ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalmışam. Hazırda 7 ildir Fransada yaşayıram. Bundan əvvəl BƏƏ-də, İngiltərədə, İranda yaşamışam. Hansı ölkədə yaşamağımdan asılı olmayaraq, həmişə sənətimi davam etdirmişəm. Özbəkistanda, İranda, İsveçrədə, son illər isə Almaniyanın Frankfurt, Fransanın müxtəlif şəhərlərində muğamı ifa etmişəm.

- Azərbaycanı tərk etməyinizin səbəbi nə idi? Bu gün Vətəndən uzaqda yaşamaq çətin deyilmi?

- Ökədən getməyimin səbəbi məcburi köçkün həyatı oldu. Qarabağ münaqişəsi başladıqdan sonra üç qardaşım ailəsi ilə birlikdə, ümumiyyətlə, bütün qohumlarım məcburi köçkün düşdü. Həmin vaxt psixoloji və maddi durumum yaxşı deyildi. Bir milyon məcburi köçkünü olan dövlətin maddi vəziyyəti necə ola bilərdi?! Belə çətinliklərə görə Azərbaycandan getmək qərarına gəldim. 

Təbii ki, bu gün Vətəndən uzaqda yaşamaq çox çətindir. Hər bir insan öz Vətənində xoşbəxtdir.

- Azərbaycandan köçərək xarici ölkələrdə yaşamağa getmək arzusunda olan soydaşlarımıza nə məsləhət görərdiniz?

- Bir insan ki, Vətənini təmsil etməyə gedirsə, heç bir problem yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə etdiyi çıxışını xatırlayıram. O demişdi: “Gedənlər getsinlər, amma Azərbaycanı təbliğ etsinlər”.

Onsuz da sonda Vətənə dönəcəyik. Atalarımız yaxşı deyiblər: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı".

- Oğlunuz da musiqiçidir. Onun bu sənəti seçməsində hansısa rolunuz olubmu?

- Oğlumun bu sənəti seçməyində heç bir rolum olmayıb. Onda da musiqiyə maraq irsəndir. Biz İncəsənət Universitetini həyat yoldaşımla bir yerdə oxumuşuq. Təbii ki, evimizdə də hər zaman müxtəlif musiqi alətləri - kamança, piano, qaval, tar olub. Etibar da üç yaşından musiqi alətlərində ifa edib. Övladlarımızı nəyəsə məcbur etmək bizim ailəmizə yaddır. Etibarın musiqiyə marağını gördükdən sonra 5 yaşından fərdi piano dərsləri vermişik və 7 yaşında Bülbül adına Musiqi Məktəbinə daxil olub. Uşaqlara sənətlərini özləri seçməsi üçün sərbəstlik vermişik. Qızım iqtisadiyyatı bitirib.

- Siz muğam ifaçısı olduğunuz halda, oğlunuz caz janrını seçib. Bunu necə qarşıladınız?

- Əgər bir şey yaxşıya doğru gedirsə, buna etiraz edə bilmərəm. Caz musiqisi ilə muğamın oxşarlığı var. Hər ikisi improvizasiya olunur. Mənə elə gəlir ki, Etibar Əsədli doğru yoldadır.

- Son dövrlərdə əldə etdiyiniz ən böyük peşə uğurlarınızdan hansıları göstərə bilərsiniz?

- Xocalı faciəsinə həsr etdiyimiz “613” adlı kompozisiyamız çox böyük əks-səda verdi. Bir gecədə 38 min nəfər klipə baxdı. Bundan əlavə, 15 nəfər fransalı musiqiçinin ifası ilə bizim “ASADLİ pro” studiyasında çəkilmiş “Qara qaşın vəsməsi” Azərbaycan xalq mahnısının klipi böyük uğur qazana bildi. Eşq mahnısının klipinin çəkilişinə portuqaliyalı musiqiçini cəlb etdik. Ata-bala əl-ələ verib işləyirik.

- Bəs bu il üçün hansı layihələriniz var?

- Oğlumla etno-musiqi albom üzərində işləyirik. Caz ilə muğamı sintezləşdiririk. Yaxın vaxtlarda işıq üzü görəcək.

- Bu gün Fransada Azərbaycan musiqisini necə qarşılayırlar? Ümumiyyətlə, ölkəmizi kifayət qədər tanıyırlarmı?

- Ötən ay Parisdə Azərbaycan musiqiçilərinin ifasında 4 konsert keçirilib. “Cəngi” musiqi ansamblının, Qoçaq Ələsgərovun fransalı caz ustası Pyer de Treqomen ilə birgə konserti keçirilib. Mən bir tamaşaçşı kimi konsert iştirakçılarının reaksiyalarını müşahidə edirdim və deyə bilərəm ki, fransalılar musiqimizi, xüsusilə muğamı çox sevirlər.

Təbii ki, həyatda heç nə ilə qənaətlənmək lazım deyil. Nə qədər eləmişiksə, yenə az eləmişik. İstər idmançı olsun, istər jurnalist, yaxud siyasətçi, hamımız öz sənətimiz vasitəsilə Azərbaycanı yaşadığımız ölkədə tanıtmağa çalışmalıyıq.

Hesab edirəm ki, son illərdə inkişaf var. Bir vətəndaş olaraq müsbətə doğru irəliləyiş görürəm. Səfirliyimiz, Azərbaycan Evi, Fransada Azərbaycanın Dostları Assosiasiyası çox aktivdir. Kifayət qədər tədbirlər təşkil olunur.

- Amma Azərbaycanda fransalıların ermənipərəst olduqları ilə bağlı ciddi fikir formalaşıb. Bu fikrə münasibətiniz necədir?

- Bunda müəyyən qədər həqiqət var. Burada din amili də özünü göstərir. Ermənilər xristian olduqlarından din amilini qabardaraq Fransada öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Digər tərəfdən qeyd etmək lazımdır ki, Fransada erməni lobbisi uzun illərdir fəaliyyət göstərir. İstərdim ki, Azərbaycan diaporu da onlar kimi aktiv olsun.

- Bəs Azərbaycan diasporunun daha aktiv olması üçün nə məsləhət görərdiniz?

- Bir nöqtəyə vurmaq lazımdır. Tək əldən səs çıxmaz. Son illər müsbət işlər görülür. Biz də vətəndaş olaraq onlara həmişə kömək və arxa olmağa çalışırıq. Fərd olaraq özümüz üçün, birlikdə isə Vətən üçün çalışmalıyıq.

Son xəbərlər

Orphus sistemi