Yuxarı

Azərbaycanın Ukraynadakı səfirliyi “Salam Azərbaycan” adlı açıq qapı günü keçirib

Azərbaycanın Ukraynadakı səfirliyi “Salam Azərbaycan” adlı açıq qapı günü keçirib
Tədbir çərçivəsində konsert və ziyafət təşkil edilib
© Report

Kiyev. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfirliyi paytaxt Kiyevdə “Salam Azərbaycan” adlı açıq qapı günü keçirib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, səfirliyin ərazisində ümumilli lider Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə şəhər sakinləri və qonaqları üçün Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib.

Xarici ölkələrin diplomatik nümayəndələri, Ukrayna Ali Radasının deputatları, siyasətçilər, mədəniyyət və ictimai xadimlər və KİV-lərin iştirak etdiyi tədbirdə Azərbaycanın milli yeməkləri olan dolma, plov, dovğa və digər nemətlər təqdim olunub.

Tədbirdə qonaqlar, həmçinin milli musiqi alətimiz olan tarın canlı müşayiəti ilə muğamımıza qulaq asıblar.

Daha sonra səfirliyin akt zalında keçirilən qəbulda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, bu yaxınlarda səfirlik tərəfindən helloazerbaijan.com.ua saytı yaradılacaq.

Saytın yaradılmasında məqsəd Azərbaycan mədəniyyətini, milli mətbəxini, ölkəmizin sosial həyatını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə tanıtmaqdır.Hazırda isə saytın aktivləşdirilməsi üçün texniki işlər həyata keçirilir. Səfir qeyd edib ki, Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.

“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında qədim köklərə malik Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğatının aparılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir” deyə A.Xudiyev əlavə edib.

Tədbirdə iştirak edən xarici qonaqlar Azərbaycan haqqında öz xoş fikirlərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi