Azərbaycanın mədəni və turizm potensialı beynəlxalq konfransda müzakirə olunub

Azərbaycanın mədəni və turizm potensialı beynəlxalq konfransda müzakirə olunub Əbülfəs Qarayev ölkədə iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması sahəsində görülən işlərdən danışıb
Mədəniyyət siyasəti
8 Dekabr , 2016 12:44
Azərbaycanın mədəni və turizm potensialı beynəlxalq konfransda müzakirə olunub

Tbilisi. 8 dekabr. REPORT.AZ/ Tbilisidə “Gürcüstan üçün yol xəritəsi: İnnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq konfrans başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı və Gürcüstan Mədəniyyət və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi tədbirdə yaradıcı sənayenin mədəni əlaqələrin, turizmin, iqtisadiyyatın inkişafındakı rolu geniş müzakirə olunacaq.

Tədbirin açılışında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək deyib ki, bu gün dünyada iqtisadi inkişafı mədəniyyətsiz və kreativ sənayesiz təsəvvür etmək mümkün deyil: "Mədəniyyətin şaxələndirilməsi bütün sahələrdə inkişafa təkan verir. Bu tədbir, eyni zamanda, Cənubi Qafqaz regionu və dünya dövlətləri arasında və "Şərq Tərəfdaşlığı" proqramına qoşulan ölkələr arasında əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynayacaq".

Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman, Gürcüstanın təhsil naziri Aleqsandr Jejelava, iqtisadiyyat və davam inkişaf nazirinin müavini Ketevan Boçorişvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, kreativ sənayenin inkişafı ayrı-ayrı şəhərlərin, ölkələrin və bütövlükdə bir regionun inkişafında mühüm rol oynayır. Bu gün dünyada istehsal olunan ümumi daxili məhsulun 3 faizdən çoxu məhz yaradıcı sənayenin payına düşür. Yaradıcı sənayenin inkişafı milyonlarla yeni iş yerinin açılmasına, yeni sahələrin yaranmasına imkan yaradır. Artıq dünyanın 70-dən çox ölkəsi kreativ sənayenin inkişafı layihəsinə qoşulub və yaradıcı sənayeni inkişaf elətdirir.

Çıxışlarda bu sahənin inkişafı ilə əlaqədar təkliflər səslənib. Avropa İttifaqının bütün ölkələrdə yaradıcı sənayenin inkişafına dəstək verəcəyi qeyd olunub.

Forum işini panel iclaslarında davam etdirib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev panel iclasında çıxış edib.

Nazir ölkədə iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Ə.Qarayev həmçinin, mədəniyyətin şaxələndirilməsi, yaradıcılıq sənayenisinin inkişafı ilə bağlı qarşıdan gələn illərdəki fəaliyyət planı barədə ətraflı məlumat verib. Nazir eyni zamanda, Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıb, həmkarlarını növbəti ildə keçiriləcək dialoqa dəvət edib.

Nazir, həmçinin forum iştirakçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi