Azərbaycanın kitab pavilyonu Qahirədə keçirilən beynəlxalq sərgidə maraqla qarşılanıb

Azərbaycanın kitab pavilyonu Qahirədə keçirilən beynəlxalq sərgidə maraqla qarşılanıb Ölkəmiz Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən təmsil olunur
Mədəniyyət siyasəti
31 Yanvar , 2015 05:29
Azərbaycanın kitab pavilyonu Qahirədə keçirilən beynəlxalq sərgidə maraqla qarşılanıb

BAKI. 31 yanvar. REPORT.AZ/ Misirin Qahirə şəhərində 46-cı beynəlxalq kitab sərgisinin açılışı olub. "Report" AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycan bu sərgidə ilk dəfə olaraq iştirak edir. Ölkəmiz Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən təmsil olunur.

Sərginin açılışında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, diaspor təşkilatlarının nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Misirin Baş naziri İbrahim Məhləb və digər yüksək səviyyəli rəsmi şəxslər sərgidə Azərbaycan pavilyonunu ziyarət ediblər. Baş nazir Azərbaycanın səfiri ilə görüşərək ölkəmizin ilk dəfə bu sərgiyə qatılması münasibətilə təbriklərini çatdırıb, Misirin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Ümumiyyətlə, Azərbaycan pavilyonu sərgidə iştirak edən Misir ictimaiyyətinin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra səfir Şahin Abdullayev Misirin müxtəlif KİV-lərinə müsahibə verərək, Azərbaycanın ilk dəfə bu ölkədə beynəlxalq kitab sərgisində iştirak etdiyi barədə məlumat verib, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində həmin sərginin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan pavilyonunda Qarabağ həqiqətlərinə, dövlətçiliyimizə aid kitablar, Tərcümə Mərkəzinin nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar, eyni zamanda, səfirliyin dəstəyi ilə tərcümə olunmuş kitablar da sərgilənir.

Bundan başqa, beynəlxalq kitab sərgisində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyətini əks etdirən ədəbi-bədii proqramlar təşkil edilib. Həmin mədəniyyət proqramları çərçivəsində Azərbaycanın poeziyasına, klassik və müasir ədəbiyyatına dair təşkil olunmuş tədbirdə Ayn-Şəms Universitetinin “Ədəbiyyat” fakültəsinin doktoru, professor Safsafi Əhməd Əl-Qəturi, səfir Ş.Abdullayev, Misir Mədəniyyət Mərkəzinin sabiq müdiri Adil Dərviş, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşı Fərid Hüseyn məruzələrlə çıxış ediblər.

Professor Ə.Safsafi Azərbaycan ədəbiyyatının tarixinə nəzər salıb, Nizami Gəncəvidən başlayaraq, müasir dövrə qədər Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif mərhələlərindən bəhs edib.

Fərid Hüseyn müasir Azərbaycan ədəbiyyatının incəliklərinə toxunaraq, onun hazırkı vəziyyətinə dair geniş məlumatlar təqdim edib.

Ş.Abdullayev Misirin Kitab Sərgisinin idarə heyətinin sədri Əhməd Mücahidlə görüşərək, Azərbaycanın ilk dəfə olaraq, bu ölkənin beynəlxalq kitab sərgisində iştirakının önəmini bildirib və növbəti illərdə də qarşılıqlı şəkildə hər iki ölkənin sərgilərdə iştirak etməsinin əhəmiyyətindən danışıb. Səfir Misir tərəfini Azərbaycanda keçiriləcək növbəti sərgidə iştiraka dəvət edib.

Ə.Mücahid ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və növbəti illərdə də Azərbaycanı sərgiyə dəvət edəcəklərini bildirib. O, bu il sərginin fəxri qonaq statusunda Səudiyyə Ərəbistanı Krallığının olduğunu bildirib, gələn il isə fəxri qonaq statusunda Azərbaycanın olmasını təklif edib. Bu məqsədlə o, Azərbaycanın mədəniyyətini və irsini əks etdirən əsərlərin sərgidə nümayişi üçün 150 kvadratmetrlik pavilyonun ayrılması və 20 nəfərlik nümayəndə heyətinin beynəlxalq kitab sərgisinə qonaq qismində qatılması ilə bağlı təkliflər irəli sürüb.

Səfir Azərbaycanın Misirin beynəlxalq sərgilərində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, irəli sürülən təkliflərin Azərbaycan tərəfindən baxılacağını və növbəti görüşlərdə bu müzakirələri davam etdirəcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi