Azərbaycanın Ədəbiyyat və Milli Mətbəx paytaxtları təqdim olunub

Azərbaycanın Ədəbiyyat və Milli Mətbəx paytaxtları təqdim olunub Nazir Əbülfəs Qarayev Mədəniyyət paytaxtları layihəsini açıq elan edib
Mədəniyyət siyasəti
4 Mart , 2015 14:10
Azərbaycanın Ədəbiyyat və Milli Mətbəx paytaxtları təqdim olunub

Bakı. 4 mart. REPORT.AZ/ Lətif Kərimov adına Xalça Muzeyində bu gün 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib.

Bu münasibətlə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət paytaxtları layihəsini açıq elan edib. Bu layihənin 2010-cu ildən start götürdüyünü deyən nazir 5 il ərzində görülən işlərdən danışdı. 2015-ci ildə iki yeni nominasiyanın bu siyahıya əlavə edildiyini deyən Əbülfəs Qarayev "Ədəbiyyat və Mətbəx" paytaxtlarının elan edilməsinin əhəmiyyətindən danışdı. Azərbaycanın Milli Mətbəxini qoruyub saxlamağın əhəmiyyətindən danışan Əbülfəs Qarayev düşmənlərin milli mətbəximizə hər zaman göz dikdiklərini və bunun qarşısını almaq üçün belə layihələrin, tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. "Ədəbiyyatın mədəniyyətin sütunu" olduğunu deyən Əbülfəs Qarayev, məhz bu səbəbdən Azərbaycanın Ədəbiyyat paytaxtının seçildiyini vurğuladı.

Tədbirdə millət vəkili Nizami Cəfərov, Şamaxı və Qax rayonlarının ictimai, siyası və humanitar məsələlər şöbələrinin müdirləri çıxış edib.

Tədbirin sonunda 2015-ci ildə "Azərbaycanın Ədəbiyyat Paytaxtı" Şamaxı rayonu, "Azərbaycanın Milli Mətbəx Paytaxtı" isə Qax rayonu elan edilib.

Qeyd edək ki, Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi