Yuxarı

Azərbaycanda “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin vaxtı uzadılıb

Azərbaycanda “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin vaxtı uzadılıb
Qaliblərin adları mayın 31-də təntənəli mərasimlə elan olunacaq

Bakı. 27 mart. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi, “Cinemazadeh” studiyası, “Bakı Media Mərkəzi”, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” teleradio yayım şirkəti və “CBC” telekanalının sağlam həyat tərzinin təbliği ilə əlaqədar elan etdiyi “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinə filmlərin qəbul vaxtı uzadılıb.

Müsabiqənin təşkilatçılarının verdiyi məlumata görə, çoxsaylı müraciətlərə əsasən filmlərin qəbulu bu il mayın 20-dək davam edəcək. Müsabiqə qaliblərinin adları 31 may - Ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan olunacaq.

Müsabiqənin şərtlərinə görə:

1. Müsabiqəyə yalnız ictimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması mövzusunu əhatə edən tamamlanmış filmlər qəbul olunur;

2. Müsabiqəyə müəlliflərin orijinal işi olan filmlər qəbul olunur;

3. Filmlər 31 yanvar 2018-ci il tarixindən 20 may 2018-ci il tarixinədək qəbul olunur. Qaliblərin adları 31 may 2018-ci il tarixində təntənəli mərasimlə elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər;

4. Bir müəllif istənilən sayda film təqdim edə bilər;

5. Filmlərin xronometrajı 5 dəqiqədən artıq olmamalıdır. Filmlər youtube.com və ya vimeo.com saytlarına yükləndikdən sonra, keçid info@report.az elektron ünvanına müəllifin əlaqə məlumatları ilə birgə təqdim olunmalıdır;

6. Filmlərin çəkiliş formatı və texniki xüsusiyyətləri (rəng, səs, kadr tezliyi, kadrın ölçüsü və s.) baxımından məhdudiyyət yoxdur;

7. Müsabiqəyə yalnız Azərbaycan dilində olan filmlər qəbul olunur;

8. Müsabiqədə istənilən yaşda olan müəlliflər iştirak edə bilər;

9. İştirakçı müsabiqəyə film təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir;

10. Qaliblərin adları "Report" İnformasiya Agentliyinə məxsus Report.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən filmlərə şərh vermirlər;

11. İştirakçı müsabiqəyə film təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir.

Müsabiqə şərtlərinə uyğun olan videolar tanınmış kinorejissor, aktyor, ictimai xadim, jurnalist, sağlam həyat tərzinin təbliği üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nümayəndələrindən ibarət münsiflər heyətinə müəllifləri göstərilmədən təqdim olunacaq. Münsiflər heyəti qısa filmləri müstəqil şəkildə qiymətləndirəcək.

Müsabiqənin qalibi 3 000 manat, 2-ci yeri tutan ekran işi 2 000 manat, 3-cü yerə layiq görülən film 1 000 manat məbləğində mükafatlandırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi