Azərbaycanda mövcud olan alman irsi haqda yeni film çəkiləcək

Azərbaycanda mövcud olan alman irsi haqda yeni film çəkiləcək Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır
Mədəniyyət siyasəti
24 May , 2016 18:22
Azərbaycanda mövcud olan alman irsi haqda yeni film çəkiləcək

Bakı. 24 may. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanda mövcud olan alman irsi haqında film çəkilişlərinin aparılması ilə bağlı layihə müzakirə olunub, nümayəndə heyətinin filmin çəkilişləri ilə bağlı Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır. Səfər və filmin çəkilməsi alman irsini işıqlandırmaqla yanaşı, ölkədə mövcud olan multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasna xidmət edəcək.

S.Məmmədəliyeva almanların Azərbaycanda məskunlaşmasının tarixindən, həyat tərzindən, onların müxtəlif sahələrdə gördükləri işlər haqında məlumat verib.

Həmçinin, nazir müavini almanların Azərbaycanda yaratdıqları memarlıq nümunələrindən və gördükləri uğurlu işlərindən bəhs edib və Azərbaycanda alman irsininin qorunması, təbliği üzrə işlər aparılır, müxtəlif konfranslar, tədbirlər və s. təşkil olunduğunu bildirib.

S.Məmmədəliyeva bu istiqamətdə görülən işlərdən biri kimi Göygöldə yerləşən Alman İcmasının Tarixi Muzeyini xüsusilə qeyd edib və bu kimi mədəniyyət obyektlərinin iki xalq arasında möhkəm dostluq nümunəsi olduğunu vurğulayıb.

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux səfərin təşkilindən böyük məmnunluq duyduğunu ifadə edib və ilin sonuna qədər çəkilməsi planlaşdırılan filmin həm Azərbaycan, həm də alman cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Səfərdə iştirak edən səfir və dilomatlar üçün keçirilən proqram direktoru Ortvin Hennig isə Azərbaycana dəvət olduğuna və göstərilən isti qəbula görə minnətdarlığını bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı qonaqpərvərlik və səmimiyyəti ilə yanaşı, tolerantlıq və multikultural dəyərlərə verdiyi böyük önəmə görə onda geniş təəssüratlar yaradıb.

Alman kinorejissoru Fridhelm Brükner layihənin həyata keçirilməsi halda Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini bildirib. Kinorejissor qeyd edib ki, filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur. Filmin hazırlanmasının əsas məqsədlərindən biri olan Azərbaycanın turizm sektorunun tanıdılmasını qeyd edən Fridhelm Brükner bu ilin sentyabr ayından filmin çəkilişlərin başlanacağını bildirib.

Filmdə Azərbaycanda alman izləri ilə yanaşı, ölkəmizin tarixi, tolerantlığı və multikulturalizm ənənələrinə həsr olunmuş ənənlərin çəkiləcəyi barədə məlumat veriləcək.

Qeyd edək ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul olunmuş qərara əsasən Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək.

Son xəbərlər

Orphus sistemi