Yuxarı

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinə namizədliyini təqdim edib - FOTO

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinə namizədliyini təqdim edib - FOTO

Paris. 28 aprel. REPORT.AZ/ Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini təqdim edib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə YUNESKO-nun mənzil qərargahında ölkəmizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı tədbir keçirilib.

Tədbir zamanı YUNESKO yanında daimi nümayəndə Anar Kərimov Azərbaycanın qurum ilə əməkdaşlığı haqqında məlumat verib və əməkdaşlığın uğurla inkişaf etməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb. A. Kərimov qeyd edib ki, ölkəmiz YUNESKO-nun bir sıra qurumlarında üzv qismində fəal iştirak edir və komitəyə üzv seçiləcəyi təqdirdə, qeyri-maddi mədəni irsin qorunması sahəsində öz təcrübəsini bölüşməyə və komitənin səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarına ölkəmizdə bu sahədə atılan addımlar haqqında məlumat verib.

Daha sonra qeyri-maddi mədəni irsin qorunması sahəsində milli ekspert Cahangir Səlimxanov qonaqlara Azərbaycanın üzv seçiləcəyi təqdirdə, komitə üzvü qismində əsas prioritetlər haqqında danışıb.

Qonaqlara habelə Azərbaycanın namizədliyi haqda qısa videoçarx nümayiş etdirilib və broşürlər paylanılıb.

Qeyd edək ki, YUNESKO-nun sözügedən komitəsinə seçkilər iyunun 4-6-da baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi