Bakı. 2 iyun. REPORT.AZ/ Dərbənd şəhərinin 2000 illiyi, Rusiya Dövlət Xalq Yaradıcılıq Evinin yaranmasının 100 və II Dünya müharibəsində Qələbənin 70 illiyi münasibətilə Dağıstanda "Xəzər - Dostluq sahili" adlı festival keçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dağıstan Mədəniyyət Nazirliyinin təmsilçisi bildirib.
Azərbaycan, Qazaxıstan, İran və Rusiya bölgələrinin nümayəndələrinin qatılacağı "Xəzər - Dostluq sahili" adlı III beynəlxalq festivalda yaradıcı ansambllar iştirak edəcək.
"Festivalın keçirilməsində əsas məqsəd Xəzəryanı dövlətlərin mədəni sahədə əlaqələrini və əməkdaşlığını genişləndirməkdir. Xəzəryanı dövlətlərin mədəni potensialı həyatın və ictimai münasibətlərin bütün sahələrinə - iqtisadiyyat, siyasət, sosial seqmentlərə müsbət təsir edə bilər", - təmsilçi bildirib.
Festival iyunun 5-11-dək Dağıstanın Mahaçqala şəhərində keçiriləcək.