Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinin yaradılmasının 50 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.
“Report” xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən xalçaçılar, xalq yaradıcılığı üzrə mütəxəssislər iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyi Xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, yarandığı dövrdə dünyada ilk xalça muzeyi olan sənət ocağı bu gün dünyanın ən zəngin xalça və xalça məmulatları kolleksiyasının toplandığı ölkənin ən böyük muzeylərindən biridir: “Bu gün muzeyin 50 illik yubileyində dünyanın müxtəlif ölkələrindən qonaqlar, mütəxəssislər iştirak edirlər. Bu muzeyin yaradılması Azərbaycan mədəniyyətinə böyük fayda verib və bundan sonra da davam edəcək”.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib ki, muzeyin yaradılmasının 50 illiyinə həsr olunan tədbirlər çərçivəsində sərgilər, ustad dərsləri, festival keçirilməsi və Tekstil Muzeyləri Şəbəkəsinin yaradılması müzakirə olunacaq.