Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq ölkə” qismində iştirak edəcək

Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq ölkə” qismində iştirak edəcək Sərgi mayın 14-18-də keçiriləcək
Mədəniyyət siyasəti
8 May , 2015 12:49
Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq ölkə” qismində iştirak edəcək

Bakı. 8 may. REPORT.AZ/ Mayın 14-dən 18-dək İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi keçiriləcək. "Report" xəbər verir ki, sərgidə Azərbaycan "Xüsusi qonaq ölkə" qismində iştirak edəcək.

Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi 50 kvadratmetr sahə icarəyə götürüb. Nazirliyin sifariş etdiyi stend Qız qalası və İçərişəhərin qala divarları dizaynı ilə hazırlanacaq.
Sərgidə Azərbaycanda işıq üzü görmüş 300-dən çox nəfis tərtibatlı kitablar və digər çap məhsulları nümayiş olunacaq, ölkənin zəngin mədəniyyəti, Qarabağ həqiqətləri, "Bakı-2015" I Avropa Oyunları, Azərbaycanın turizm potensialı təbliğ ediləcək. 
Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və s. mövzularda italyan dilində işıq üzü görən bir sıra kitabların təqdimatının keçirilməsi, təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması nəzərdə tutulub.

Açılış günü Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə İtaliya tərəfindən Turin meriyası mədəniyyət komitəsinin sədri Luka Kassiani, sərginin baş direktoru, professor Ernesto Ferrero, "Tetti" nəşriyyatının direktoru Sandro Tetti, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, AMEA-nın müxbir üzvü, deputat Yaqub Mahmudov, Milli Kitabxananın direktoru Kərim Tahirov, habelə Turin şəhər ictimaiyyətinin, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edəcək.

Mayın 15-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt kitab yarmarkasının (Frankfurt Buchmesse) baş direktoru Yurgen Boos və beynəlxalq layihələr üzrə direktoru Barbel Beker ilə görüşü olacaq. Görüş zamanı mədəni əlaqələrin güclənməsində özünəməxsus yer tutan kitab sərgilərinin, o cümlədən bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirak imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.


Son xəbərlər

Orphus sistemi