Azərbaycan Tbilisidə keçirilən beynəlxalq etnofestivalda təmsil olunur

Azərbaycan Tbilisidə keçirilən beynəlxalq etnofestivalda təmsil olunur Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Tbilisidə “Expo Georgia” sərgi mərkəzində “Etnofest 2018” ənənəvi sənət və dizayn beynəlxalq sammiti işə başlayıb.
Mədəniyyət siyasəti
28 Sentyabr , 2018 14:46
Azərbaycan Tbilisidə keçirilən beynəlxalq etnofestivalda təmsil olunur
Report
0 : 00
0 : 00

Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Tbilisidə “Expo Georgia” sərgi mərkəzində “Etnofest 2018” ənənəvi sənət və dizayn beynəlxalq sammiti işə başlayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, tədbir Tbilisi meriyasının Beynəlxalq İncəsənət Mərkəzi, Tbilisi sakrebulosu və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir. 

Sammitdə Azərbaycan, Gürcüstan və Ermənistandan olan yüzdən çox sənətkar və ustad tekstil, keramika, taxta, metal, dəri və digər materiallardan hazırlanmış əl işləri və aksessuarlarla iştirak edir. Azərbaycanı beynəlxalq tədbirdə “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi təmsi edir. Mərkəz sərgidə “Dastan” brendi altında hazırlanmış keramika, taxta, batika və zərgərlik nümunələrini təqdim edir.

Mərkəzin direktoru Cəmilə Rzayeva “Report”a bildirib ki, sammitdə iştirakın əsas məqsədi Azərbaycana məxsus sənətkarlıq növlərinin tanıdılması və Gürcüstanın əl işləri sahəsində tətbiq olunan texnikaları ilə tanış olmaqdır: “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi daima əl işlərinin hazırlanması sahəsində tətbiq olunan yenilikləri öyrənir. Mərkəzimizin nümayəndələri tədbir çərçivəsində müxtəlif mövzularda təşkil olunacaq master klasslarda iştirak edəcək. Mərkəzimiz Gürcüstanda geniş istifadə olunan isti mina texnologiyasını öyrənməkdə çox maraqlıdır”.

“İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin stendində sənətkarlıq nümunələri ilə yanaşı, Azərbaycanın milli şirniyyat növləri də təqdim olunur. Stenddə nümayiş etdirilən sənətkarlıq nümunələri, xüsusilə də kəlağayılar sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Sentyabrın 30-dək davam edəcək festivalda sənətkarlıq nümunələrinin satışı, mühazirələr, ekspertlərlə görüşlər də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi