Əbülfəs Qarayev: "Biz Qarabağa səfərlərin qarşısını ala bilərik"

Əbülfəs Qarayev: "Biz Qarabağa səfərlərin qarşısını ala bilərik" "Ümumdünya Turizm Təşkilatının qərarı bizə sərt addımlar atmağa imkan verir"
Mədəniyyət siyasəti
2 İyun , 2015 18:33
Əbülfəs Qarayev: Biz Qarabağa səfərlərin qarşısını ala bilərik

Bakı. 2 iyun. REPORT.AZ/ "Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Turizm üzrə Qlobal Etika Kodeksinin prinsiplərinə bütün ölkələrin turizm təşkilatları tabe olmalıdır. Ancaq Ermənistan tərəfi bu qərara saymazyana yanaşır". "Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Gənc Tamaşaçılar Teatrında mətbuat konfansında bildirib.

Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Turizm üzrə Qlobal Etika Kodeksi münaqişəli yerlərin turizmi ilə bağlı bütün bəndlərinə riayət etməyə çağırır: "Qarabağa başqa ölkə vasitəsilə səfərlər həyata keçirilsə, biz bu qərara əsaslanaraq diplomatik yollarla bunun qarşısını ala bilərik. Ümumdünya Turizm Təşkilatının bu qərarı bizə sərt addımlar atmağa imkan verir. Biz turizm sahəsində bu addımları ata bilərik. Turizm diplomatiyasında bu qərar fövqəladə qərardır. Ən azından münaqişəli yerlərə turizm səfərlərinin qarşısı alınacaq. Çünki dünyanın bir çox münaqişəli yerlərində belə turizm səfərləri bəzən aparılır".

Ə.Qarayev deyib ki, Qarabağa hansısa turizm təşkilatı səfər təşkil etsə, həmin turistlərin başına gələcək hansısa pis hadisə həmin turizm təşkilatının üzərində qalacaq: "Bu qanunun qəbul olunması bizə Ermənistan qarşısında bu şərtləri qoymaq imkanı verir. Bu, təhlükəsiz turizmin inkişafına xidmət edəcək".

Qeyd edək ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının mayın 28-29-da Xorvatiyanın Rovin şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan Respublikasının təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı qərar qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi