Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq

Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) müxtəlif pavilyonları, fəvvarələri, xiyabanları, heykəlləri və s. özündə birləşdirən unikal memarlıq-park kompleksidir.
Mədəniyyət siyasəti
21 Noyabr , 2019 16:33
Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq

Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) müxtəlif pavilyonları, fəvvarələri, xiyabanları, heykəlləri və s. özündə birləşdirən unikal memarlıq-park kompleksidir.

"Report" xəbər verir ki, hələ 1935-ci ildə II Ümümittifaq kolxozçular qurultayında SSRİ-dəki kollektivləşmənin “nailiyyət”lərini qabartmaq üçün kənd təsərrüfatı sərgisi (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi - ÜKTS) yaratmaq barədə qərar verilmişdi. Beləcə şəhərin Ostankino parkında hasar arxasında ərsəyə gətiriləcək bolluq məkanı ayrıca bir ölkədə sosializm qurmaq planı ilə səsləşirdi.

1935-ci ilin ikinci yarısında başlayan tikinti quraşdırma işləri bir neçə il uzandı. Təntənəli açılışı 1939-cu ildə keçirilən yeni sərgi müttəfiq respublikaların pavilyonları, “Sovet kəndi”, “heyvandarlıq məkanı”, “bağlar və zəmilər”, “istirahət guşəsi” bölmələrindən ibarətdir. Həmin bölmələrin hər birinə ayrıca memarlıq tərtibatı verilmişdi. Yeni sərgiyə açıldığı ilk 85 gündə 3,5 milyonadək adam gəlmişdi. Burada yaradılan nadir memarlıq kompleksi sonradan mədəni irs əsəri elan edildi.

1941-1945-ci illər Böyük Vətən müharibəsindən sonra sərgi yenidən qurulmuş, pavilyonlar monumental üslübda, hər respublikanın milli cəhətlərini daha əyani əks etdirəcək şəkildə yenidən inşa edilmişdi. 1955-ci ildə sənaye nailiyyətlərini də nümayiş etdirmək üçün bəzi pavilyonlarda yenidənqurma işləri görüldü, 1959-cu ildə isə sərginin adı indiki şəkildə - Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisi qoyuldu. Bundan sonra SSRİ-də istehsal olunan istehlak malları sərgisi kimi fəaliyyət göstərəcək sərginin coğrafi əsasla təşkil olunan pavilyonlarını da sahəvi əsasla yenidən qurmağa başladılar.

60-cı illərdə zamanla dəyişən memarlıq meyllərinə uyğun olaraq, tamamilə sadə memarlıq üslubunda, bütövlüklə şüşəyə tutulan “Kimya sənayesi”, “SSRİ-də elektrikləşmə” və başqa pavilyonlar meydana gəldi. Sərginin ekspozisiyası isə ildən-ilə daha əhatəli və rəngarəng olurdu.

Sərginin tərtibatında müvafiq bölgələrə xas olan ünsürlər istifadə olunurdu. Məsələn, “Soçi təpəsi” üçün ləpədöyənin qəmbər daşlarından istifadə edilmiş, Gürcüstan guşəsində nəhəng gil küp qoyulmuşdu. Həmçinin müxtəlif bölgələrə xas bəzək bitkiləri də əkilərək müvafiq respublikalara aid pavilyonların xüsusiyyətini vurğulayırdı.

90-cı illərdə dövlət maliyyələşməsindən məhrum olduqdan sonra böhran yaşayan sərginin ayrı-ayrı sahələri icarəyə verilməyə, ərazidə müxtəlif kənar təyinatlı tikililər inşa edilməyə başladı. Pavilyonların və tarixi binaların isə əksəriyyəti dağılmağa üz tutdu. 2013-cü ilin sonlarında Rusiya prezidenti Vladimir Putin sərgini Moskva hökumətinin tabeliyinə verdikdən sonra isə burada dirçəliş dövrü başladı. Qısa zaman ərzində pavilyonlar bərpa edildi, kənar tikililər və alver yığışdırıldı. 2015-ci ildə isə Okeanoqrafiya və Dəniz Biologiyası Mərkəzi, Tarix Parkı, Əyləncə Təhsil Mərkəzi yaradılaraq istifadəyə verildi. 2016-2018-ci illərdə XTNS-də olan cəmi 11 mədəni İrs obyekti bərpa edilib. Onlar arasında iki giriş tağı, “Belarus Respublikası”, “Fəza”, “Əkinçilik”, “Təbiət mühafizəsi” pavilyonları, 14 fəvvarə də var.

Sərginin yeni inkişaf konsepsiyasına uyğun olaraq, hər biri ayrıca mövzusu, siması, mənası olan yeddi bölmə yaradılıb. Bunlar “Muzey şəhər” sərgi məkanını da ehtiva edən mərkəzi xiyaban, Əyləncə Parkı, Biliklər Parkı, Mənzərə Parkı, Sənətlər Parkı, “Ostankino” Parkı, Expo Sərgi Bölməsidir. Sərginin dirçəlməsilə bağlı vaxtilə SSRİ-nin müttəfiq respublikalarına məxsus olmuş pavilonlarda da canlanma başladı. Belə ki, keçmiş müttəfiq respublikaların hökumətlər bu barədə müvafiq sazişlər imzalayıblar.

Qeyd edək ki, Azərbaycan SSR-yə aid pavilyon hələ 1939-cu ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq və inşaat fakültəsinin məzunu olan və hələ o zaman Bakı şəhərini rövnəqləndirən, bir sıra ictimai binaları ilə şöhrət qazanmış Mikayıl HüseynovSadiq Dadaşovun layihəsi əsasında inşa edilmişdi. 1963-cü ildə isə sərgidəki dəyişikliklərə uyğun olaraq, binada “Hesablama texnikası” pavilyonu yerləşdirildi.

2018-ci ildə Azərbaycan tərəfinin razılaşdırılmış layihəsinə əsasən, pavilyonda təmir-bərpa işlərinə başlanılıb. Beləliklə, XTNS-də Azərbaycan Respublikasının pavilyonu tezliklə yenidən qapılarını ziyarətçilərin üzünə açacaq.

Son xəbərlər

Orphus sistemi