Yuxarı

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi AŞ baş katibinin müavini ilə görüşüb

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi AŞ baş katibinin müavini ilə görüşüb
Görüşdə Bakıda keçiriləcək 4-cü Foruma hazırlıqla bağlı müzakirələr aparılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Avropa Şurasının Demokratiya üzrə baş direktoru Snejana Markoviç və Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyindən Ülfət Maçanov iştirak ediblər.

Görüş zamanı 2008-ci ildə Azərbaycan dövləti tərəfindən irəli sürülmüş Bakı Prosesi və hər iki ildə bir dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, xüsusilə növbəti ilin may ayında Bakıda keçiriləcək 4-cü Foruma hazırlıqla bağlı müzakirələr aparılıb.

V.Eyvazzadə məlumat verib ki, Bakı prosesi ideyası hələ 2008-ci ildə Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında ölkə rəhbərliyi tərəfindən irəli sürülüb. Həmin tarixdən etibarən bu ideya inkişaf edərək bugün YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO, AŞ-nın Şimal-Cənub Mərkəzini öz ətrafında birləşdirən qlobal Platformaya çevrilib.

Battaini-Draqoni bildirib ki, dekabrın 5-də Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun Parisdə keçirilmiş iclası barədə AŞ-nın orda iştirak etmiş nümayəndəsi ona müvafiq məlumatları təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi