“Azərbaycan ailəsi 2019” film festivalı başlayıb

“Azərbaycan ailəsi 2019” film festivalı başlayıb Bakı. 1 mart. REPORT.AZ/ Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2019” film festivalına start verilib.
Mədəniyyət siyasəti
1 Mart , 2019 10:17
“Azərbaycan ailəsi 2019” film festivalı başlayıb

Bakı. 1 mart. REPORT.AZ/ Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2019” film festivalına start verilib.

"Report"un xəbərinə görə, festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.

“Azərbaycan ailəsi 2019” film festivalının və “Həyatdan şəkilə” adlı fotomüsabiqənin keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket formaları festivalın Təşkilat Komitəsi tərəfindən hazırlanaraq Dövlət Komitəsinin rəsmi internet səhifəsində (www.scfwca.gov.az) yerləşdirilib.

Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya, vətənpərvərlik ruhunda çəkilmiş filmlər, sosial çarxlar, televiziya verilişləri, fotoşəkillər və “xarici film” nominasiyası üzrə xarici rejissorlar tərəfindən öz ölkələrinin milli ailə dəyərlərini əks etdirən filmlər 01 mart 2019-cu il tarixindən 01 oktyabr 2019-cu il tarixinədək festivalın Təşkilat Komitəsinə (ünvan: Hökumət Evi, 4-cü qapı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) təqdim edilə bilər.

Festivala təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festival haqqında bütün məlumatlar Dövlət Komitəsinin rəsmi internet səhifəsindən (www.scfwca.gov.az) və 012 493 79 62 əlaqə telefonlarından əldə oluna bilər.

Qeyd edək ki, beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı 2009-cu ildən etibarən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi