Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı Azərbaycanda keçiriləcək

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı Azərbaycanda keçiriləcək İtaliyada “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilib
Mədəniyyət siyasəti
20 Oktyabr , 2016 12:56
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı Azərbaycanda keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib.

“Report” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Tədbirdə nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.

İclasın gündəliyində öz əksini tapan bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olub. Azərbaycan üzrə koordinator G.Aslanova tərəfindən “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilib, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumatlar verilib.

Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib.

Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olub və bu ali tədbirin 2018-ci ilin may ayında “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib.

Həmçinin konfransda, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilib ki, bu nəşrin xəritəsinə artıq Azərbaycan da əlavə olunub, ölkənin termal bölgəsi olan Qalaaltı kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb. EHTTA tərəfindən bu kataloqun noyabr ayında Londonda keçiriləcək “WTM 2016” beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulub. 

Qeyd edək ki, Qalaaltı kurort mərkəzinin üzv olduğu bu marşrutun Türkiyənin Bursa və Çexiyanın Karlovı Varı şəhərində təqdimatları keçirilib.

Son xəbərlər

Orphus sistemi