​Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd edilib

​Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd edilib Tədbirdə 7 ölkənin səfirliyinin nümayəndələri iştirak ediblər
Mədəniyyət siyasəti
18 Mart , 2015 15:53
​Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd edilib

Bakı. 18 mart. REPORT.AZ/ Avropa Parlamenti və Azərbaycan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkiyə, Qırğızıstan, Hindistanın Belçikadakı səfirlikləri, UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, bayram tədbirində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçika və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, eyni zamanda, Belçika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Avropa Parlamentinin prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunub və səslənən çıxışlarda Novruz bayramı barədə tədbir iştirakçılarına məlumat verilib.

Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa tövhə verdiyi qeyd olunub, eyni zamanda, Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd olunan bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, Azərbaycanın turizm potensialını əks etdirən, eyni zamanda, Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib. 

Son xəbərlər

Orphus sistemi