ADA Universitetinin tələbələri Sabit Rəhman və Emin Sabitoğlunu yad ediblər

ADA Universitetinin tələbələri Sabit Rəhman və Emin Sabitoğlunu yad ediblər ADA Universitetində “İrs” tələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
16 Mart , 2019 12:51
ADA Universitetinin tələbələri Sabit Rəhman və Emin Sabitoğlunu yad ediblər

ADA Universitetində “İrs” tələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. 

Universitetdən "Report"a verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də tələbələrinin qatıldığı proqramda hər iki görkəmli mədəniyyət xadiminin irsi xatırlanıb.

Tələbələrin musiqili çıxışları ilə yanaşı, tədbirdə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Şirindil Alışanlı böyük yazıçı və dramaturq Sabit Rəhmanın yaradıcılığını gənclərə açıqlayıb.

Daha sonra Sabit Rəhman və Emin Sabitoğlunun ssenarist və bəstəkar kimi üzərində işlədikləri filmlər barədə müzakirə aparılıb, tələbələrin Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən tapdıqları maraqlı materiallar nümayiş etdirilib. İki görkəmli simanın birgə ərsəyə gətirdiyi sevilən “Hicran” tamaşasından hissələr də proqrama daxil edilib.

Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə Sabit Rəhman və Emin Sabitoğlu barədə xatirələri ilə bölüşüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Emin Sabitoğlunun qızı Ceyran Mahmudova ADA Universiteti tələbələrinə gözəl yaradıcılıq axşamına görə təşəkkürünü bildirib. 

O etiraf edib ki, Azərbaycan mədəniyyətini təbliğ edən və eyni zamanda onun ailə üzvlərinin irsini işıqlandıran tədbir onda kövrək hisslər və yüksək təəssürat yaradıb.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Pasayev vurğuladı ki, müasir zamanda Azərbaycan gənclərinin Azərbaycanın ədəbiyyat və incəsənətinin görkəmli şəxsləri barədə məlumatlandırılması çox vacibdir və ADA tələbə klubunun belə bir təşəbbüsü təqdirəlayiqdir. O, gəncləri həmyaşıdları arasında bu səpkidə maarifləndirmə fəaliyyətini davam etdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi