ABŞ-da yaşayan azərbaycanlılar Fərhad Bədəlbəyli ilə görüşdü

ABŞ-da yaşayan azərbaycanlılar Fərhad Bədəlbəyli ilə görüşdü Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli olub.
Mədəniyyət siyasəti
3 May , 2020 12:09
ABŞ-da yaşayan azərbaycanlılar Fərhad Bədəlbəyli ilə görüşdü

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli olub.

“Report”un xüsusi müxbiri xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

Görüşə ABŞ-ın müxtəlif ştatlarında – Virciniya, Merilənd, Texas, Nyu-York, Kaliforniya, Meyn, Ohayo, Massaçusets ştatları və Kolumbiya dairəsində, eləcə də Kanadada yaşayan soydaşlarımız, o cümlədən ABŞ-ın İndiana Universiteti, Çikaqoda Northwestern University, Florida Tech University və sair kimi tanınmış universitetlərdə musiqinin müxtəlif sahələrində professor olaraq çalışan azərbaycanlılar qoşulub.

Görüşdə Azərbaycan mədəniyyət və incəsənəti, Azərbaycanda maarifçilik məsələləri və sair mövzular ətrafında müzakirələr aparılıb. Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Söhbət əsnasında qonaq 2007-ci ildə, hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Azərbaycanın musiqi paytaxtı Şuşaya bir qrup Azərbaycan ziyalısı ilə səfərini xatırlayıb və öz təəssüratlarını paylaşıb.

Görüş zamanı tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və xanımı Leyla Babayeva Əfrasiyab Tofiq Quliyevin “Yol ayrıcında” əsərindən bir parça ifa ediblər.

Fərhad Bədəlbəyli ilə görüşə qoşulmuş soydaşlarımız tərəfindən qonağa müxtəlif mövzularda suallar ünvanlanıb, ABŞ-da Azərbaycan musiqisi və incəsənətinin təbliği ilə bağlı konkret təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onlarla birbaşa ünsiyyətin qurulmasıdır.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə, iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən Palatanın nəzdində təsis edilib.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi