ABŞ-da “Azərbaycan” qəzeti” kitabının təqdimatı keçirilib

ABŞ-da “Azərbaycan” qəzeti” kitabının təqdimatı keçirilib Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Saratoqa şəhərində “Azərbaycan” qəzeti”, “Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı kitabın birinci hissəsinin təqdimat mərasimi keçirilib.
Mədəniyyət siyasəti
15 Dekabr , 2017 12:31
ABŞ-da “Azərbaycan” qəzeti” kitabının təqdimatı keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Saratoqa şəhərində “Azərbaycan” qəzeti”, “Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı kitabın birinci hissəsinin təqdimat mərasimi keçirilib.

“Report”un məlumatına görə, əsərin müəllifi AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadədir.  

Tədbir Şimali Kaloforniya Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub və kitabın birinci hissəsini də bu qurum maliyyələşdirib. Mərkəz 4 hissəli kitabın qalan bölmələrinin də maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Müəllif kitabın Ön Sözündə yazıb: “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin (03.09.1945-ci il tarixində Təbriz şəhərində təsis edilmişdir) rəsmi orqanı kimi dərc edilib və eyni zamanda bu hərəkat nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. “Azərbaycan” qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzularını, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini hər bir sayında çox aydın bir şəkildə təqdim etdirib. Azərbaycan Demokrat Firqəsinin rəsmi mətbu orqanı kimi “Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilib. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilib. 1945-1946-cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də “Azərbaycan” qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyir. 

Qəzet son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır: “Əziz həmvətənlər! Vətənimiz və azadlıq tarixi dövrlər keçirir. Şiddətli, ağır, gərgin, lakin şərəf və iftixarla dolu bir mübarizə başlanıb. Bu münasibətlə Firqə və Həmkarlar İttifaqı sizə, yəni fədailərə, xalq qoşunlarına, qəhrəman əfsərlərə, igid fədai başçılarına, rəşid kargər və yorulmaq bilməyən kəndlilərə, gözüaçıq rövşənfikirlərə, bir sözlə bütün xalqa müraciət edib, hümmət və fədakarlıqlarınızı daha mətin qədəm, daha möhkəm iradə ilə saxlamağı tövsiyə edir və sizin mərdanəliyinizə ürəkdən inandığını, sizin hümmət və qəhrəmanlığınıza dayandığını açıq surətdə dünyaya elan edir. Mübarizə şiddətli, qanlı, ağır olsa da, aldığımız nəticə böyük və iffətlidir. Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcək”.

Müəllif yazıb ki, “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb: “Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarının kolleksionunu dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır. Bu məqsəd çərçivəsində də yaxın gələcəkdə əski əlifba ilə çap edilmiş bu qəzetin mövcud olan bütün saylarının latın əlifbasında müasir Azərbaycan ədəbi dilinin qrammatik normalarına uyğun bir şəkildə oxuculara təqdim edilməsinə, eyni zamanda da fars dilində getmiş yazıların Azərbaycan dilinə çevrilməsinə cəhd göstəriləcək”.

Təqdimat mərasimində "İranlı Mühacirlər Cəmiyyəti"nin sədr müavini Firidun Ənuşirəvan oğlu İbrahimi də iştirak edib. Tədbiri giriş sözü ilə cəmiyyətin sədri Həmid Azəri açıb.

Tədbirdə Səməd Bayramzadə 21 Azər Həkəkatı ilə yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları barədə də məlumat verib. 

Son xəbərlər

Orphus sistemi