Yuxarı

Xalça Muzeyində “Ailə günü” keçiriləcək

Tədbirdə “Hemofiliya və talassemiya” pasientləri tam olaraq ödənişsiz iştirak edə bilər

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində avqustun 27-də “Ailə günü” adlı tədbir keçıriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

“Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasientləri tam olaraq ödənişsiz iştirak edə bilər.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaq.

İştirakçıları tədbirdə Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqları, “Tilda” kuklasının hazırlanması, və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcək. Tədbir zamanı muzeyin əməkdaşı Püstə Ağayeva "Süjetli xalçalar və motivlər” mövzusunda mühazirə səsləndiriləcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş uşaq yazıçısı Gülzar İbrahimova uşaqlara nağıl oxuyacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi