Bakı. 4 noyabr. REPORT.AZ/ London şəhərində keçirilən Dünya Turizm Sərgisi (World Travel Market) noyabrın 2-dən öz işinə başlayıb.
"Report" xəbər verir ki, sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Şahdağ” Turizm Mərkəzi, Azərbaycan Konqreslər Bürosu, habelə, “Boulevard hotel”, Qafqaz otellər qrupu, "Gilan turizm", “Four Season” oteli, “Silkway travel”, “Turizm.az”, “AL-travel”, “Atlas travel”, “Geo-travel”, “Galaxy travel”, Ata travel”, “The Tour”, “ENC tours” və “Delta group” turizm şirkətləri təmsil olunur.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 104 m² sahəsi olan stend qurulmuş və milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunmuş, ziyarətçilərlə işgüzar görüşlər keçirilmiş və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.
Sərgi zamanı ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai ziyarət edib və görüş keçirib.
Sərginin ikinci günü sərgi çərçivəsində “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı Ümumdünya Turizm Təşkilatının və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə Nazirlərin Sammiti təşkil olunub.
59 nazir və nazir səviyyəli şəxs, eləcə də ölkələrin rəsmi nümayəndələrinin iştirak etdiyi Sammitdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi təmsil olunur. Sammitdə qloballaşan media landşaftında uğurlu məkan brendinin yaradılması metodları, milli brendinq və məkan brendinqi arasındakı əlaqələr, məkan marketinqi təşkilatlarının dəyişməkdə olan rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Qeyd edək ki, “World Travel Market” turizm sənayesində əhəmiyyətli yerə malikdir. Sərgidə 186 ölkədən 9000 şirkət, 50 000-dən çox turizm sənayesində çalışan mütəxəssis iştirak edib.
Xatırladaq ki, sərgi noyabrın 5-dək davam edəcək.