Bakı. 13 aprel. REPORT.AZ/ Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı siyasiləşdirilir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib.
"Rusiya nümayəndələrinin iştirakı məsələsinə gəlincə, bu, bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Çox təəssüf ki, məsələ siyasiləşdirilir. Hər bir ölkənin öz qanunları var, onları pozmaq olmaz. Rusiya tərəfinin başqa ifaçı, Ukrayna qanunları pozmayan birini seçmək imkanı var. Məsələnin siyasi tərkibinə gəlincə, Rusiya, çox təəssüf ki, ifaçının Ukrayna qanunlarını pozduğunu bilə-bilə onu seçdi", - V.Kliçko vurğulayıb.