Yuxarı
    Bağlamaq

    Varna şəhər kitabxanasında Nizami Gəncəvi güşəsi açılacaq

    Yana Sabeva: Martda “Varna Avropanın Gənclər Paytaxtı - 2017”nin rəsmi açılış mərasimi keçiriləcək

    Sofiya. 23 yanvar. REPORT.AZ/ "Bu ilin martında “Varna Avropanın Gənclər Paytaxtı - 2017”nin rəsmi açılış mərasimi keçiriləcək". 

    Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında “Varna-Avropanın Gənclər Paytaxtı” Asossiasiyasının icraçı direktorunun müavini Yana Sabeva bildirib. 

    Onun sözlərinə görə, tədbirə çoxsaylı rəsmi qonaqlarla yanaşı, Gəncə şəhərindən də nümayəndələr dəvət olunublar: “Biz rəsmi açılış mərasimini yanvar ayına nəzərdə tutsaq da, daha sonradan mart ayına keçirdik. Tədbirə Azərbaycan parlamentinin deputatları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və RİH nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rektoru, həmçinin “Gəncə Gənclər Paytaxtı - 2016” Asossiasiyasının nümayəndələrinin qatılacağını da gözləyirik”.

    Y.Sabeva deyib ki, iki şəhər arasında bundan sonra da əməkdaşlıq davam edəcək: "Gəncə və Varna arasında birgə layihələrin icrası, universitetlər, biznes və gənclər təşkilatları arasında əməkdaşlıq və təcrübə mübadiləsi proqramları ilə bağlı bir sıra müqavilələr imzalanıb. Bu il əminik ki, Gəncədən Varnaya kifayət qədər qonaq gələcək. Sizin ədəbiyyatdakı adət-ənənəniz bizim üçün maraq kəsb edən əsas məsələlərdən biridir. Biz ümid edirik ki, Varna şəhər kitabxanasında Nizami Gəncəvi güşəsi açılacaq və orada dahi şairin əsərləri yer alacaq".

    Qeyd edək ki, yanvarın 18-dən başlayaraq “Varna Avropanın Gənclər Paytaxtı - 2017” çərçivəsində gənclərin iştirakı ilə müxtəlif mövzuda konfrans və seminarların keçirilməsinə start verilib. 5 gün davam edəcək tədbirlərə müxtəlif vaxtlarda Avropanın gənclər paytaxtı olmuş – Valensiya, Braqa, Turin, Riqa, Kluj və digər şəhərlərdən 150-yə yaxın gənc qatılacaq. “100% Gənclər şəhəri” Avropa layihəsində isə Azərbaycanı Aysun Zeynalova və Təbriz Rzayev təmsil edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi