Yuxarı

YUNESKO-da “Azərbaycan: Ənənədən müasirliyə” mövzusunda sərgi açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mayın 20-dək davam edəcək

Bakı. 14 may. REPORT.AZ/ YUNESKO-nun Baş Qərargahında Avropanın Muzeylər Gecəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası YUNESKO yanında Daimi Nümayəndəliyin dəstəyi ilə “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən YUNESKO xarici əlaqələr üzrə sektorunun İdarə rəisi Gənc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib və Azərbaycanın YUNESKO-nun mədəniyyət sahəsində mövcud olan Konvensiyalarının həyata keçirilməsində, xüsusən qeyri-maddi mədəni irsin qorunması üzrə fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəsi Anar Kərimov çıxışında qonaqlara sərgidə nümayiş etdirilən əsərlər əsasında ölkəmizin zəngin tarixi haqda ətraflı məlumat verərək qonaqları Azərbaycanla daha yaxından tanış olmaq üçün ölkəmizə dəvət edib. Səfir ölkəmizin münaqişə və hərbi təcavüzdən əziyyət çəkdiyinə baxmayaraq, bölgədə sülhün və təhülkəsizliyin bərqərar olunmasına əməli addımlarla cəhd etdiyini və bu xüsusda, ölkəmizdə təşkil olunacaq 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə təşkil olunacaq Avropa Oyunları haqda tədbir iştirakçılarına məlumat verib.

Sərginin açılışından sonra “Azərbaycan cazının yeni nəsli” adlı möhtəşəm konsert proqramında Azərbaycanın gənc caz ulduzları Şahin Növrəsli və onun rəhbərlik etdiyi qrup çıxış edib.

Tədbir iştirakçıları Azərbaycandan dəvət olunmuş gənc caz peşəkarlarının ifasında bir sıra milli caz musiqi nümunələrini dinləmiş və konsert proqramını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, YUNESKO artıq 7-ci dəfə Avropa Muzeylər Gecəsi layihəsində iştirak edir və bu il Təşkilat tərəfindən məhz Azərbaycan “şərəfli qonaq” qismində bu təşəbbüsə dəvət edilmişdir. Azərbaycanın zəngin tarix və mədəniyyətini əks etdirən sərgidə ölkəmizin ərazisində aşkar edilən qədim arxeoloji əşya və sikkələr, misgərlik sənəti, milli geyimlər, musiqi alətlərimiz, xalçaçılıq sənətinin nümunələri, eləcə də müasir incəsənət sənətçilərinin əsərləri nümayiş etdirilir.

Sərgi mayın 20-dək davam edəcək. Mayın 16-da isə sərgidə saat 00.00-dək “açıq qapı” elan olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi