Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə "Seçilmiş əsərləri"nin qırğızca nəşrinin təqdimatı olub və dəyirmi masa təşkil olunub.
“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Qulbara Kadırbekova, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər, səfirlik əməkdaşları, Qırğızıstan ədəbi ictimaiyyəti və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Qulbara Kadırbekova Bəxtiyar Vahabzadə ədəbi irsini yüksək qiymətləndirib.
Nazir müavini bütün türk dünyası üçün Bəxtiyar Vahabzadə yaradıcılığının bu gün üçün də önəmli olduğunu bildirib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib ki, Bəxtiyar Vahabzadə yaradıcılığı, sözün əsl mənasında, Vətən, millət, xalq sevgisi ilə bütünləşib.
Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair silsilə tədbirlər keçirilir.
A.Kərimli Xalq şairinin yaradıcılığını bu cür yüksək qiymətləndirdiklərinə görə TÜRKSOY-a və Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinə təşəkkür edib:
“TÜRKSOY tərəfindən də bu il ərzində Bəxtiyar Vahabzadə ədəbi irsinə həsr olunmuş bədii tədbirlər keçirilir”.
Nazir sonda mərhum şairin yaradıcı düşüncəsi ətrafında müzakirələr aparmaq və bu kimi tədbirlərdə iştirak üçün təqdimat iştirakçılarını Azərbaycana dəvət edib.
TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək Bəxtiyar Vahabzadənin sovet ideologiyasına qarşı qələmindən qılınc kimi yararlandığını bildirib.
Onun sözlərinə görə, Bəxtiyar Vahabzadə türk dünyasının iftixarıdır və yaradıcılığının hər misrasında Vətən, millət sevgisi əksini tapır:
“Bəxtiyar Vahabzadə qələmini təkcə mətn yaratmaq üçün deyil, həm də xalqın səsi olaraq istifadə edib. O, həyatının bütün dönəmlərində şairlik missiyasını həqiqət bayrağı kimi dalğalandırıb”.
S.Raev həmçinin mərhum şairin həyatının olduqca ağır dövrlərə düşdüyünü və sovet ideologiyasının zəncirlərinə qarşı qələmindən qılınc kimi yararlandığını diqqətə çatdırıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov da, öz növbəsində, şairin yaradıcı düşüncəsindəki Vətən, millət sevgisi motivlərinə toxunub.
Çıxışların ardınca mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatıb.









