Türkiyə baş nazirinin xanımı Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub

Türkiyə baş nazirinin xanımı Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub Semiha Yıldırım gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında xalq və bəstəkar mahnılarını dinləyib
Mədəniyyət siyasəti
3 İyun , 2016 17:54
Türkiyə baş nazirinin xanımı Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyə baş nazirinin xanımı Semiha Yıldırım iyunun 3-də Azərbaycan Xalça Muzeyi ilə tanış olub.

"Report" xəbər verir ki, qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu Türkiyə baş nazirinin xanımında xoş təəssürat yaradıb.

Eyni zamanda, Türkiyə baş nazirinin xanımı Beynəlxalq Muğam Mərkəzi ilə də tanış olub. Semiha Yıldırıma Mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəz Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.

Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan Türkiyə baş nazirinin xanımı burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb.

Semiha Yıldırım gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında xalq və bəstəkar mahnılarını dinləyib.

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdirib.

Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılan qonağa xatirə hədiyyəsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi