Tbilisidəki Botanika bağından - REPORTAJ

Tbilisidəki Botanika bağından - REPORTAJ Böyük və nadir ağaclarla əhatələnmiş bu əraziyə demək olar heç günəş düşmür
Mədəniyyət siyasəti
29 Mart , 2017 13:32
Tbilisidəki Botanika bağından - REPORTAJ
Report.az

Tbilisi. 29 mart. REPORT.AZ/ Tbilisi botanika bağı paytaxtın tarixi mərkəzində, Sololaki silsiləsindən cənubda yerləşir. Bağ 1845-ci ildə yaşı bir neçə əsr olan çar bağlarının yerində yaradılıb. Buranı ilk dəfə 1671-ci ildə fransız səyyah Jan Şardenin, Narikala qalasının yanında yerləşən bağların təsviri isə  fransız təbiətşunas Jozef Turneforun yazılarında əks olunub. Həmçinin bu Botanika bağı Şahzadə Vaxuştinin 1735-ci ildə tərtib etdiyi xəritədə göstərilib. "Report"un əməkdaşları Tbilisi Botanika bağını ziyarət edib.

Bağa biletsiz də daxil olmaq mümkündür

Bağın əsas girişi Botanika küçəsinin sonunda yerləşir. Adambaşına təxminən 1 manat 40 qəpik verərək giriş üçün bilet almaq lazımdır. Ancaq bilet aldığımız müddətdə girişdə bu işlərə nəzarət edən birinin olmadığını və bir çoxlarının bağa biletsiz daxil olduğunu müşahidə etdik. 1909-1914-cü illərdə Sololaki silsiləsində tunel qazılıb və Lado Asatiani küçəsindən Botanika bağına ikinci giriş açılıb. Tunel 2004-cü ilə qədər istifadə olunurdu, ancaq sonradan bağlayaraq gecə klubuna çeviriblər. Bağ yerli vaxtla səhər saat 10:00-dan axşam saat 19:00-a qədər fəaliyyət göstərir. Ona görə də bunu eşidəndə artıq saat 19:00-da bağı tərk etmək lazım olduğunu düşündük. Lakin bu xəbərdarlığın bağa giriş üçün nəzərdə tutulduğunu öyrəndik. Çünki bağı gəzdikcə ən son çataçağınız yer məhz Kartlis Deda heykeli yerləşən ərazidir. Burada çıxış üçün heç bir məhdudiyyət yoxdur. Əslində kanat ilə bu əraziyə qalxıb bağa oradan da biletsiz daxil olmaq asandır.

Xəritə rolunu oynayan yollar 

Girişdə ilk gözə dəyən körpülərdir. Mərkəzindən çay keçdiyindən hər iki tərəfi birləşdirmək üçün bir-birindən fərqli görünüşlərə malik körpülər salınıb. Ziyarətçilərin də ən çox marağına səbəb bu körpülər olur. Bağda salınan yollar xəritə kimi sizi lazım olan istiqamətlərə yönəldir. Sarı rəngli sarmaşıq güllərə bürünən divarlar yol boyu sizi izləyəcək. Çay gur axmasa da, səsi şəhərin izdahamını susdurmağa kifayət edir.

Yuxarı doğru hərəkət etdikcə qulağımıza gurultulu səs gəlməyə başladı. Əvvəlcə bunun çay olduğunu düşündük. Bir az irəlilədikcə sanki bağın içərisində gizlədilmiş şəlaləni gördük. Dolambaclı yollarla ətrafı sürüşkən qayalıqlar, çay daşları ilə əhatələnən şəlaləyə tərəf üz tutduq. Daşlar sürüşkən olduğundan burada ehtiyatla hərəkət etmək vacibdir. 42 metr hündürlüyü olan təbiət gözəlliyinin yuxarısında salınmış ağ körpü şəlaləyə xüsusi gözəllik qatır.

Nəsli kəsilməkdə olan bitkilərə qarşı diqqətsizlik

Şəlalədən ayrıldıqda əsas yol bizi onun üstündə yerləşən körpüyə doğru aparsa da, biz istiqamətimizi dəyişib bir az daha kələ-kötür yollarla bağın dərinliklərinə doğru getdik. İlk olaraq qarşımıza qədim körpü çıxdı. Burada sərt taxta pilləkanlarla aşağı doru düşdükdə isə kiçik fəvvarəni gördük. Yəqin hava soyuq olduğundan fəvvarə bağlı idi. Fəvvarənin ətrafı kiçik park kimi salınıb. Böyük və nadir ağaclarla əhatələnmiş bu əraziyə demək olar heç günəş düşmürdü. 

Ümumi sahəsi 128 hektardan çox olan Botanika bağında nadir və nəsli kəsilməkdə olan bitki növləri yetişir. Bağda bəlkə də heç vaxt görmədiyiniz ağacları, bitkiləri görə bilərsiniz. Rəngarəng çiçəkləri görmək istəyirsinizsə, buraya yay fəslində gəlməyiniz daha məqsədəuyğun olar. Bambuk ağacları ilə dolu əraziyə gəldikdə isə burada "Toxunmaq olmaq!" qadağası ilə qarşılaşdıq. Təəssüf ki, əlçatan yerlərdə yerləşən bambuk ağacları və bu kimi nadir bitkilərin üzərində adlar, işarələr cızıldığının şahidi olduq. 

Sözlə izah edilə bilməyən mənzərə

Buradan keçərək yollandıq şəlalənin üzərindəki körpüyə sarı. Körpüdən görünən mənzərə heyrətamiz idi. Yaşıllıq, çay, şəlalə, rəngarəng güllər və bu gözəlliklər arasında uzaqdan görünən şəhər bizə filmləri xatırlatdı. Bir müddət mənzərəni seyr etdikdən sonra yolun apardığı istiqamətdə hərəkət etməyə başladıq. Bu yol bizi dar pilləkanlardan ibarət olan yamaca doğru apardı. Buradan baxdıqda bir tərəfdə insanın yaratdığı gözəlliklərlə işıq saçan şəhər, digər tərəfdə isə gözəl təbiət mənzərəsii göz oxşayırdı. Düz baxdıqda isə Kartlis Deda heykəli görünür. Bu heykəl Tbilisi şəhərinin salınmasının 1500 illiyi münasibətilə 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Gürcü milli xarakterini əks etdirən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc var. Heykəl Tbilisinin rəmzi kimik qəbul edilir.

Bağdan ayrılan qəbiristanlıq

1896-1904-ci illərdə bağın ərazisi genişləndirilib, XX əsrin ortalarında isə bağın ərazisindən köhnə müsəlman qəbiristanlığı ayrılıb, Hansı ki, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Mehdiqulu xan Vəfa, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski və s. kimi görkəmli tarixi şəxsiyyətlərimiz və ziyalılarımız dəfn olunub...

Son xəbərlər

Orphus sistemi