Yuxarı

Son üç ildə elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb

Elektron turist vizası pasporta yapışdırılmır

Bakı. 18 fevral. REPORT.AZ/ Son üç ildə, yəni 2013-cü ilin mart ayından indiyədək elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"Bildirmək istəyirik ki, elektron turist vizasını Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nın tələblərinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir”, - deyə nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Azərbaycana turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, e-mail və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsilə elektron turist vizasını əldə edə bilirlər: “Onu da qeyd edək ki, elektron turist vizası pasporta yapışdırılmır”.

Xatırladaq ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Qeyd olunan sistemin yaradılmasına məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır. “Bildiririk ki, Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir. Hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi