Bakı. 17 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən təltif olunmuş mədəniyyət xadimlərinə dövlət mükafatlarını təqdim edib. “Report” nazirliyə istinadən xəbər verir ki, bu sıraya “Şöhrət” ordeni ilə təltif edilmiş Əməkdar memar, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Rəhim Məmi oğlu Seyfullayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru, Prezident təqaüdçüsü Azər Abdulla oğlu Mustafazadə və Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva daxildir.
Nazir mədəniyyət xadimlərini ölkə başçısının adından təbrik edərək onların hər birinin fəaliyyət göstərdikləri sahələrdə böyük xidmətləri olduğunu vurğulayıb.
Qeyd olunub ki, memar Rəhim Seyfullayevin şəhərdə bir sıra mədəniyyət obyektlərinin yaradılmasında, Azər Mustafazadənin ölkədə nəşriyyat işinin təkmilləşməsində və Röya Tağıyevanın Xalça Muzeyinin fəaliyyətində, eləcə də dekorativ-tətbiqi sənətimizin inkişafında xidmətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

