Sloveniyada ”Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi keçirilib

Sloveniyada ”Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi keçirilib Sərginin açılışında Azərbaycanın Sloveniyadakı müvəqqətə işlər vəkili Azər Xudiyev çıxış edib
Mədəniyyət siyasəti
22 Fevral , 2016 06:27
Sloveniyada ”Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi keçirilib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə keçirilən sərgidə ötən il iyul ayının 10-dan 16-dək Gəncə şəhərinə səfər etmiş 14 avropalı gənc fotoqrafın 100-dək fotosu nümayiş olunub.

“Avropanın gənclər paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində olan avropalı gənclər fotoların dili ilə qədim Nizami yurdunun zəngin mədəniyyətini tərənnüm ediblər.

Sərginin açılış mərasimində Azərbaycanın Sloveniyadakı müvəqqətə işlər vəkili Azər Xudiyev çıxış edərək Gəncə haqqında ətraflı məlumat verib. Diplomat son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində Gəncənin Qərblə Şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq mərkəzinə çevrildiyini vurğulayıb.

Azər Xudiyev sərgini yüksək qiymətləndirərək, bu xoş və nəcib təşəbbüsün iştirakçısı olan sloveniyalı fotoqraf Maya Modrinyaka minnətdarlığını çatdırıb.

Sloveniyanın bir sıra mədəniyyət və incəsənət xadimləri də çıxış edərək son illər ölkələri ilə Azərbaycan arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən söz açıblar, gənc fotoqraflara yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi