Səmərqənddə Qarabağ geyimlərinin moda sərgisi keçirilib

Səmərqənddə Qarabağ geyimlərinin moda sərgisi keçirilib Sərgidən sonra bir sıra gənc özbək müğənniləri Azərbaycan və Özbəkistanın xalq mahnılarını ifa ediblər
Mədəniyyət siyasəti
1 Dekabr , 2017 13:51
Səmərqənddə Qarabağ geyimlərinin moda sərgisi keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Səmərqənddə reallaşdırılan “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin moda sərgisi keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.  

Tədbirdə Səmərqənd Şəhər Hakimiyyətinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin, Səmərqənddəki Azərbaycan diasporasının nümayəndələri, universitet tələbələri iştirak ediblər.T

Çıxış edənlər Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında danışaraq milli geyimlərin hər bir xalqın tarixini, mədəniyyətini, ənənələrini nümayiş etdirdiyini, azərbaycanlıların Qarabağda yaratdığı zəngin mədəni irsin bütün dünyada maraqla qarşılandığını qeyd ediblər. Heydər Əliyev Fondunun dünyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şərqin ən zəngin musiqi ənənələrinə malik Azərbaycanın türkdilli xalqlarla, Özbəkistanla yaxınlığından danışıb.

Öncə Azərbaycan mədəniyyəti, Qarabağ bölgəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal altında olan ərazilərdə milli mədəni irs, abidələrin dağıdılmasına dair videomaterial nümayiş etdirilib.

Səmərqənd Dövlət Universitetinin tələbələri təşkil olunan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid Qarabağ geyimlərini nümayiş etdiriblər. Sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri də təqdim olunub. 

Tədbirdə nümayişlə paralel olaraq orator tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda azərbaycanlıların yaratdığı zəngin geyim mədəniyyəti, Qarabağ xanları dövründə istifadə olunan mərasim, toy, şənlik geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib.

“Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilən Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları anşlaqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları sərgiləyib. Vurğulanıb ki, milli geyimlər hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin, incəsənətinin bir göstəricisidir.

Sonda rəmzi olaraq sərgini nümayiş etdirən qrup hər iki ölkənin bayraqları ilə səhnəyə çıxıblar və çıxış alqışlarla qarşılanıb.

Sərgidən sonra bir sıra gənc Özbək müğənniləri Azərbaycan və Özbək xalq mahnılarını ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblının çıxış xüsusi maraqla qarşılanıb, universitet tələbələrinin kollektiv rəqsi ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi