Yuxarı

Şəkinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması üçün təqdimat verilib

Şöbə müdiri: Məsələsinin UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsində müzakirəsi gələn ilə nəzərdə tutulub

İstanbul. 11 iyul. REPORT.AZ/ "Azərbaycan Şəki şəhəri və onun tarixi hissəsinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması üçün təqdimat verib".

Bunu "Report"un Türkiyə bürosunun müxbirinə Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 40-cı sessiyasında iştirak edir: "İçərişəhər Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə UNESCO-nun Dünya Maddi İrs Siyahısına daxil edilib. Bundan əlavə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da Dünya Mədəni İrs Siyahısına salınıb. Şəki şəhəri və onun tarixi hissəsinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına daxil edilməsi məsələsinin müzakirəsi isə gələn ilə nəzərdə tutulub. Biz toplantıda da Şəki şəhərindən təqdim olunmuş fayl üzərində həm ekspertlər, həm də mütəxəssislərin iştirakı ilə müzakirələr aparacağıq".

V.Eyvazzadə deyib ki, Azərbaycan UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin üzvüdür: "Məhz İstanbuldakı sessiyada da Komitənin üzvü kimi iştirak edirik. Komitənin üzvü olmaq hər bir ölkənin üzərinə böyük bir öhdəlik qoyur. Belə ki, bütün məsələlərdə Komitə üzvü kimi Azərbaycan Respublikasının da mövqeyi dinləniləcək və ölkəmizin mövqeyinə önəm veriləcək. Azərbaycanla UNESCO arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etməliyik. Məhz bu fəaliyyətin fonunda Azərbaycanla UNESCO arasında hərtərəfli münasibətlər yüksək səviyyədə inkişaf etməktədir. Bu Komitənin fərqi ümumdünya mədəni irsinin ən vacib elementləri olan abidələrə və tarixi tikililərə xüsusi qiymət verilməsi, həmçinin landşaftla bağlı olan ərazilərin UNESCO-nun Dünya Maddi İrsi Siyahısınına daxil edilməsi ilə əlaqədar müzakirələrin aparılmasıdır. Biz Komitə üzvü kimi üzərimizə düşən işin öhdəsindən şərəflə gələcəyik və ölkəmizin beynəlxaq miqyasda uğurla tanınması üçün öz töfhəmizi verəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi