Şəkidə Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılacaq

Şəkidə Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılacaq Nazir Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb
Mədəniyyət siyasəti
19 Avqust , 2016 19:38
Şəkidə Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə yaxından tanış olub.

"Report" xəbər verir ki, Şəki şəhər Mərkəzi Kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması üçün görülən işlər haqqında məlumat verilib.

Bildirilib ki, kitabxanada uşaq ədəbiyyatı ilə təminat, uşaqların kitabxanaya cəlb olunması və mütaliənin təbliği, eləcə də görmə əngəli olanlara kitabxanadan istifadə imkanlarının yaradılması xüsusi diqqət mərkəzindədir. Nazir kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi, o cümlədən səyyar kitabxana xidmətinin genişləndirilməsi barədə tapşırıqlar verib.

Ə.Qarayev "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən tarixi binada 200-dən çox otaq var. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına həssas münasibətinin göstəricisidir.

Nazir daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Şair sağlığında bu evi uşaq bağçasına verib. Hazırda burada Şəki şəhər 3 saylı uşaq bağçası yerləşir.

Bildirilib ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq uşaq bağçası üçün yeni bina inşa olunacaq. Bundan sonra həmin evdə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq. Diqqətə çatdırıldı ki, ev-muzeyinin layihəsi artıq hazırdır. Layihə ilə tanış olan Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırılıb.

Nazir Şəki şəhər 4 saylı musiqi məktəbinə də baş çəkib, təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb.

O, həmçinin Mirzə Fətəli Axundzadə adına Mədəniyyət mərkəzində olub. Mədəniyyət ocağının fəaliyyəti haqqında Əbülfəs Qarayevə ətraflı məlumat verilib.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verib. 

Son xəbərlər

Orphus sistemi