"Şahdağda Velosipedçilər Günü" keçirilib

"Şahdağda Velosipedçilər Günü" keçirilib Yarışa 20-dən artıq velosipedçi qatılıb
Mədəniyyət siyasəti
28 İyul , 2015 19:48
Şahdağda Velosipedçilər Günü keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 25-də Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində "Şahdağda Velosipedçilər Günü" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə iyirmidən artıq velosipedçi qatılıb. Onların da əksəriyyəti peşəkar olub. İştirakçılar kanat yolu ilə məhdudiyyətsiz qalxma imkanı əldə edib və bütün velosiped yolları onların ixtiyarına verilib. Tədbir günü peşəkarlarla yanaşı, həvəskarlar da turizm mərkəzindəki müxtəlif səviyyəli velosiped yollarında qüvvələrini sınayıblar.

Velosipedçilər start yerinə xüsusi tutqaclarla təchiz edilmiş kanat yollarından istifadə etməklə çatdırılıb. Ekstremalların istifadə etdiyi yol isə xeyli uzun və daha mürəkkəb olduğundan başlanğıc nöqtəyə kanat yolu ilə qalxmaq mümkün deyil. Bu səbəbdən də ekstremallar dəniz səviyyəsindən 2 min 351 metr hündürlükdə yerləşən start yerinə xüsusi avtomobillər vasitəsilə qalxıblar. Velosipedçilərin istifadəsinə verilən müxtəlif səviyyəli yolların uzunluğu 1-3 kilometr arasında dəyişib.

Həvəskarlar üçün nəzərdə tutulan velosiped yollarında müxtəlif maneələr quraşdırılıb ki, bu da onlara bacarıqlarını nümayiş etdirmək imkanı verib.

Tədbir turizm mərkəzi və "2Təkər Velo" mağazasının birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, "Şahdağda Velosipedçilər Günü" adlı tədbirin təşkilində əsas məqsəd gənclərin velosiped idmanına marağını artırmaq, bu idman növünün daha da populyarlaşmasını və inkişafını təmin etməkdir. Eyni zamanda bu tədbir imkan verir ki, velosiped həvəskarları "Şahdağ" Turizm Mərkəzində yaradılan ideal şəraitlə yaxından tanış olsunlar.

Tədbirlə əlaqədar turizm mərkəzində yarış iştirakçılarının gün ərzində əlverişli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi