Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək

Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb
Mədəniyyət siyasəti
19 İyun , 2018 14:28
Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək

Bakı. 19 iyun. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əbülfəs Qarayev son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışıb. 

Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı görülən işlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər planı təsdiqlənib və icrasına başlanılıb. Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir Naxçıvanın hədsiz gözəl şəhər, tarixi memarlıq abidələri ilə zəngin məkan olduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, cari il iyunun 20-də Naxçıvan şəhərində “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə çoxsaylı mötəbər qonaqların, dövlət rəsmilərinin, o cümlədən TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcək.

Əbülfəs Qarayev İSESCO-nun bir tərəfdaş qurum kimi bu əlamətdar hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, İSESCO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi