Prezident
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
Mədəniyyət naziri
Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib. O bildirib ki, Xalq artisti Roza Cəlilovanın Azərbaycan peşəkar rəqs sənətinin inkişafında özünəməxsus yeri var: "Roza xanım bu gün ömrünün müdrik çağında da ruhən bağlı olduğu xoreoqrafiya sənətinin gələcəyi üçün çalışır".
Nazir qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur. Onun əsərləri ölkənin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdulla Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir.
Ə.Qarayev yazıçı, ssenarist Natiq Rəsulzadənin 40 ildən çoxdur ədəbi yaradıcılıqla məşğul olduğunu deyib. O qeyd edib ki, müəllifin əsərləri bir çox dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb, nüfuzlu mükafatlara layiq görülüb. Natiq Rəsulzadənin ssenariləri əsasından çəkilən filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Nazir Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən söz açıb. O bildirib ki, A.Məsud Azərbaycan ədəbiyyatına və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır: "Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir".
Görkəmli şair, ssenarist R.Rövşənin Azərbaycanın oxucusunun ən çox sevdiyi qələm sahiblərindən olduğunu deyən nazir onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini yüksək qiymətləndirib. R.Rövşənin ssenariləri üzrə çəkilən ekran əsərlərinin Azərbaycan kinematoqrafiyasının qiymətli nümunələri olduğu diqqətə çatdırılıb.
Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.




