​Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

​Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır Festivalın proqramı açıqlanıb
Mədəniyyət siyasəti
27 İyul , 2016 15:11
​Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

Bakı. 27 iyul. REPORT.AZ/ Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, festival iyulun 30-dan avqustun 5-dək davam edəcək.

Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi ərazidə ciddi hazırlıq işləri görülür.

Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. İyulun 31-də Vyana Akademik Orkestrinin (bədii rəhbər - Martin Haselblok) çıxışı və İspaniyanın “Suite Española” şirkətinin təqdimatında flamenko konserti olacaq.

Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək.

Avqustun 2-də mərhum diplomat Fuad İsmayılovun xatirəsinə musiqi proqramı və Kubanın “Gənc klassiklər” ansamblının konserti təqdim olunacaq.

Avqustun 3-4-də “Kiyev virtuozları” orkestri musiqisevərlər qarşısına çıxacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.

Avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival “Kiyev virtuozları” orkestrinin konserti ilə başa çatacaq.

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi