​“Qarabağın səsi” layihəsinin təqdimatı mərasimi keçirilib

​“Qarabağın səsi” layihəsinin təqdimatı mərasimi keçirilib Tədbirdə layihə haqqında film nümayiş olunub
Mədəniyyət siyasəti
3 Dekabr , 2014 03:00
​“Qarabağın səsi” layihəsinin təqdimatı mərasimi keçirilib
Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 2-də Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.

“Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi Əməkdar artist Rain Sultanovdur.

Layihənin reallaşmasında Xalq artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloqun da nəşr olunduğunu diqqətə çatdırıb. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.

Tədbirdə layihə haqqında film nümayiş olunub.

Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.

Son xəbərlər

Orphus sistemi