“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib - FOTO

“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib - FOTO Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
Mədəniyyət siyasəti
15 İyun , 2015 01:18
“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib - FOTO

Bakı. 15 İyun. REPORT.AZ/ “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.

"Report" AZƏRTAC-a isinadən xəbər verir ki, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.

Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qaldı.

Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti əsərlərlə tanış oldu.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.

Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və Ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək, həm də festivalın digər bir məqsədinə - ictimaiyyətin diqqətini vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.

Festivalın bağlanış mərasimində vurğulandı ki, bu dəfəki “Qız qalası” Beynəlxalq incəsənət festivalı ilk Avropa Oyunlarının keçirildiyi tarixi məqama təsadüf edir. Bu festival UNESCO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən təşkil edilir.

Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantıların tərkibində olan xammal və enerji bərpa olunur və istifadə edilir.

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açıldı. Hər il bir neçə gün nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. 

Son xəbərlər

Orphus sistemi