Bakı.22 dekabr. REPORT.AZ/ Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başa çatıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlara Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın, Xaçmaz rayonlarının və paytaxtın "Sərhədçi", "Polad", "Kövsər" komandaları qatılıb.
Dekabrın 17-19-da çövkən üzrə seçmə oyunlar keçirilib. Seçmə oyunlarda uduzan komandalar yaylıq, papaq və sürpapaq oyunları üzrə yarışıblar.
Sürpapaq oyunu üzrə finala Balakən və Ağcabədi komandaları, papaq oyunu üzrə finala isə Oğuz və Yevlax komandaları çıxıb. Yaylıq oyununda Qəbələ komandası birinci olub. Sonrakı yerləri İsmayıllı və Goranboy rayonlarının komandaları tutub.
Çövkən oyunu üzrə yarışın dekabrın 20-də keçirilən yarımfinalında "Kövsər" komandası Ağstafa təmsilçilərini 3:1, "Sərhədçi" isə Ağdam komandasını 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Bu gün keçirilən final görüşündə Bakının "Kövsər" və "Sərhədçi" komandaları üz-üzə gəlib.
"Sərhədçi" komandası “Kövsər” komandasını 4:0 hesabı ilə məğlub edib.
Beləliklə, Prezident Kuboku uğrunda 9-cu çövkən milli atüstü oyunlarının qalibi "Sərhədçi" komandası olub.
Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.