Yuxarı

Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalayıb

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu ərazisində hazırda çox sayda məscid və minarələr, karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi əhəmiyyətli digər tikililər var. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin geniş vüsət alması regionun turizm potensialını daha da artırıb, eyni zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması səbəbindən qoruq ərazisində aparılan işlərə xüsusi həssaslıqla yanaşılması zərurəti meydana çıxıb.

Dövlət başçısı Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyətli Şəki şəhərinin tarixi görünüşünü və memarlıq üslubunu qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq, eləcə də Azərbaycan xalqının mədəni nailiyyətlərinin geniş miqyasda təbliğini təmin etmək məqsədilə qərara alıb: 

Mədəniyyət və Turizm Nazirliyi Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Mədəniyyət və Turizm Nazirliyi həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetinə Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiq etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsini təmin etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi